Avropa Parlamentinin üzvü Eleni Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməklə Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyini nümayiş etdirir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, avropalı parlamentari hər şeydən öncə öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanmalı olduğunu dərk etməli, belə məsuliyyətsiz hərəkətlərlə həm özünün, həm də təmsil etdiyi Avropa Parlamentinin beynəlxalq nüfuzuna zərbə vurduğunu bilməlidir:
“Məsələ ondadır ki, etnik separatizmin dəstəklənmsi Avropa İttifaqına üzv olan bütün ölkələr tərəfindən rədd edilir və bu, beynəlxalq hüquqla, o cümlədən Avropa dəyərləri ilə əsaslandırılır. Bu yaxınlarda fəsadları hələ də davam edən Kataloniya hadisələri zamanı biz katalon separatçılara qarşı Avropa strukturlarının hamısının necə yekdil mövqedən çıxış etdiklərinin şahidi olduq. Belə mövqe təqdirəlayiqdir və istənilən ölkəyə münasibətdə tətbiq ediləsi bir nümunədir. Ancaq təəssüf ki, bəzi hallarda biz bunu müşahidə edə bilmirik. Yaxşı olar ki, eyni mövqe Dağlıq Qarabağ separatçılarına qarşı da ortaya qoyulsun”.
H.Babaoğlu əlavə edib ki, ancaq, Avropa Parlamentinin üzvü E.Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə səfər düzənləyir, etnik separatçılığı dəstəkləyən qızışdırıcı mövqedən çıxış edir, Avropa Parlamenti isə bütün bunlara nə vaxtsa kiçik bir xəbərdarlıq etməklə münasibət bildirir:
“Belə hallar yolverilməzdir və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin ruhuna ziddir. Üstəlik Eleni Teoxarusun səfərləri avropalı erməni lobbiçilər tərəfindən maliyyələşdirilir ki, bu da ayrıca bir hüquq pozuntusudur. Bəzən olmayan hadisəyə görə ittiham edilən parlamentarilərdən fərqli olaraq Teoxarusa heç bir cəza növü tətbiq edilmir. Bu, hüquqla siyasi manipulyasiya etməkdir. Hüquq qarşısında Avropa İttifaqına üzv olan ölkələr də, ittifaqla yaxın əməkdaşlıq edən ölkələr də bərabər olmalıdır. Hər hansı ölkənin ərazi bütövlüyü daha çox qiymətli, digərininki isə daha az qiymətli ola bilməz. Bu, hüquqi qeyri-bərabərlik və ədalətsizlik olardı. Ona görə də Avropa Parlamenti öz üzvü haqqında nizmanaməsinə uyğun olaraq ciddi cəza tədbirləri görməlidir”.