11 Oktyabr 2018 20:09
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlərini qətiyyətlə pisləyir və bildiririk ki, bu beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunvericiliyinin kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Teleqraf.com xəbər verir ki, Fransanın Alfortvil və Valans şəhərlərinin merlərinin bu yaxınlarda ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərlərinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva belə deyib.

O qeyd edib ki, yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu, eləcə də Fransanın milli qanunvericiliyi ilə ziddiyyət təşkil edir:

“Həmçinin bu kimi səfərlər, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir. Bu xüsusda xatırladırıq ki, Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir.

Fransa tərəfinin diqqətini Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimatın məcburi xarakter daşıdığına yönəldir və onu bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımlar atmağa çağırırıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər