Səudiyyə Ərəbistanı müttəfiqi ABŞ Prezidenti Donald Trampı çətin vəziyyətə saldı. Konqresə və Amerika mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu lazım idi və həmin mövzunu konqresmenlərə gözlənilmədiyi halda Səudiyyə Ərəbistanı verdi.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Səudiyyə rejiminə müxalif jurnalist Vaşinqtondan İstanbula gəlir, ölkəsinin konsulluq binasına daxil olduqdan sonra yoxa çıxır:
“Həmin jurnalistin öldürüldüyü ehtimalı yüksəkdir. Çünki həmin gün Səudiyyə Ərəbistanından İstanbula 15 nəfərlik qrup gəlib, işi gördükdən sonra özəl təyyarə ilə geri qayıdıblar.
Bu vəziyyətdə Tramp nə edəcəyini bilmir. Çünki Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Bu sazişə görə Suədiyyə Ərəbistanı 10 il ərzində Amerikadan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi.
İndi isə Trampın sözlərindən belə çıxır ki, o Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inanır, ancaq Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan on minlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz”.
Elxan Şahinoğlu hesab edir ki, Amerika prezidenti iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır: “Ancaq Konqresdə Trampın rəqibləri və Amerika mediası jurnalistin qətlini unutmağa hazır deyillər və bu mövzuda Trampa təzyiqi artıracaqlar. Trampdan Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməyi gur səslə istəyəcəklər. Bir sözlə Səudiyyə Ərəbistanı bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı”.