Gözlənildiyi kimi, artıq ikinci dəfə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini dəstəklənmədi. Bu, parlamentdə təmsil olunan siyasi qüvvələr arasında əldə olunmuş razılaşmanın nəticəsidir. Məqsəd isə parlamentin buraxılmasıdır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, N.Paşinyan bir neçə həftə əvvəl bununla bağlı bütün parlament partiyalarının rəhbərləri ilə razılıq əldə edə bilib:
“Keçmiş hakim Respublika Partiyası və tərəfdarları hesab edirdilər ki, palamentin buraxılması üçün hələ tezdir. Amma noyabrın 2-də keçirilən səsvermənin nəticələrinə əsasən, növbədənkənar parlament seçkiləri artıq reallıqdır. Ölkə vətəndaşlarının əhəmiyyətli hissəsinin dəstəyini qazanan “inqilab” hakimiyyəti hesab edir ki, təcili növbədənkənar seçki keçirib, parlamentdə çoxluğa nail olmaq vacibdir”.
N.Paşinyanın parlamentdə xarici siyasət məsələlərinə də toxunduğunu qeyd edən Z.Əmrəliyev əlavə edib ki, “inqilab lideri” Ermənistanın ön şərtlər olmadan Türkiyə ilə münasibətləri nizamlamağa hazır olduğunu vurğulayıb:
“Paşinyan ehtimal edir ki, Türkiyə Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərə bilməyəcək. O qeyd edib ki, Ermənistanı Qarabağ münaqişəsinin bu və ya digər həllinə məcbur edə biləcəyini hesab edənlər yanılırlar. Güman etmək olar ki, Paşinyan bu bəyanatla seçkiqabağı reytinqini yüksəltməyə çalışır”.
Z.Əmrəliyev qeyd edib ki, N.Paşinyan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfərini və rəsmi Moskvanın buna reaksiyasını da şərh edib:
“Boltonun səfəri ilə əlaqədar olaraq mühüm bir məsələ baş verib: Rusiya nümayəndələri ABŞ-a xatırladıblar ki, Ermənistan suveren dövlətdir və ABŞ təmsilçiləri də Rusiyaya Ermənistanın müstəqil dövlət olduğunu xatırladıblar. Hərçənd düşünmürəm ki, onlardan hansısa bunu unudub, çünki biz bütün fəaliyyətimizi məhz bu mövqedə qurmuşuq. Görünür, Paşinyan özü də hələ ölkəsinin suveren olduğuna inanmır ki, fəaliyyətlərini bu yöndə davam etdirir”.