“Manatın devalvasiyasından söhbət gedə bilməz. Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq”.
Bu fikirləri Teleqraf.com-a son günlər manatın devalvasiyası haqqında səslənən fikirləri şərh edən Milli Məclisin deputatı, iqtisadçı Aydın Hüseynov deyib.
Aydın Hüseynov qeyd edib ki, manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur: “Əsas məqdəsimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılmasını stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12 %, ümumi ixrac isə 37 % artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Eyni zamanda xarici ticarət dövriyyəsində müsbət saldo Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olub. Maliyyə naziri Samir Şərifov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsi idxalın artmasına səbəb olur. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Ona görə də biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. O bildirib ki, aparılan siyasətin prioritet istiqaməti məhz makroiqtisadi balansın qorunub-saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. Nazirin bu fikri yanlış mülahizələrə yol açıb, düzgün təhlil edilməyib”.
Aydın Hüseynov həmkarı Vahid Əhmədovun fikirlərinə də etiraz edib: “Maliyyə naziri Samir Şərifovun məlum fikirləri qlobal iqtisadiyyata, Azərbaycanda və dünyada gedən iqtisadi proseslərə və təcrübələrə söykənir. Yəni əslində fikir ondan ibarətdir ki, manatın məzənnəsi daha da möhkəmlənir və məzənnəsinin möhkəmləndiyi ərəfədə ixrac stimullaşdırılmalıdır. Burada söhbət manatın məzənnəsinin enməsindən getmir. Bəzi ekspertlər və deputat Vahid Əhmədovun təhlili yanlışdır, süni maliyyə gərginliyi yaratmağa hesablanıb”.