“ABŞ-ın İrəvandakı səfirliyi tərəfindən Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edilməsi bu ölkədə sosial-siyasi gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır. Seçkinin faktiki olaraq baş tutmaması, sadəcə, saxtalaşdırma vasitəsilə yeni parlamentin əvvəlcədən hazırlanmış siyahı üzrə elan edilməsi, seçicilərin “səssiz etiraz” üsulu ilə seçkini boykot etməsi onsuz da çoxsaylı problemi olan cəmiyyəti sosial partlayış həddinə yaxınlaşdırıb”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
ABŞ-ın İrəvandakı səfirliyinin Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq etməsini şərh edən H.Babaoğlunun sözlərinə görə, belə vəziyyət ciddi qarşıduma və daxili terrorla daha da şiddətlənə bilər ki, bunun üçün də Ermənistanda ciddi əsaslar və təcrübə var:
“Son illərdə işğalçı ölkədə parlamentin gülləbaran edilməsindən başlamış ən müxtəlif terror növlərinə rast gəlinib. Çünki bu cəmiyyətin səciyyəvi keyfiyyətlərindən bir terrora meylli olması, yaxud problemi radikal, zorakı metodlarla həll etməyə istəkli olması ilə bağlıdır. Belə olan halda əlbətdə, ciddi ölkələr öz vətəndaşlarını xəbərdar etməlidirlər”.
H.Babaoğlu ehtimal edir ki, ABŞ-ın ardınca bir sıra başqa sivil ölkələr də bənzər qərarlar qəbul edə bilərlər:
“Ancaq əlbəttə, məsələnin sosial tərəfləri ilə bərabər siyasi tərəfləri də var. Heç vaxt siyasi müvazinəti qoruya bilməyən və ciddi siyasi dairələrdə küçə siyasətçisi imicini qazanan Paşinyan seçkidən dərhal sonra yenə növbəti anlaşılmaz bəyanatlar verməyə başladı. Onlardan biri də NATO-ya üzvlüyün Ermənistan üçün prioritet olması ilə bağlı idi.
Həm seçkinin saxtalaşdırılması, həm də birdən-birə antiqərb əhval-ruhiyyəli hesab edilə biləcək belə fikrin səsləndirilməsi kimi məsələlər də görünür, ABŞ-ın belə bir xəbərdarlıq etmə qərarını siyasi zərurətə çevirib. Ona görə də bundan sonra biz Ermənistanda daha ciddi qarşudurmaları müşahidə edə biləcəyik ki, bu da həm daxili müstəvidə, həm də dövlətlərarası müstəvidə mümkün ola bilər”.