“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibliyinə yeni namizədi niyə qəbul etmədiyini başa düşmürəm”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, bu postun uzun müddət boş qalmasının utancverici olduğunu bildirib:
“KTMT-nin yeni baş katibini seçə bilməməyimiz ayıbdır. Ermənistan rəhbərliyi digər KTMT ölkələri ilə razılaşmalıdır, çünki təşkilat daxilində siyasi problem yaradan odur”.
Lukaşenko yeni baş katibliyə namizəddən də danışıb: “Mən sizə gənc bir generalı, təcrübəli bir kadrı - Belarusun Təhlükəsizlik Şurasının başçısı Stanislav Zası təqdim etdim. Bütün ölkələrin prezidentləri onu tanıyır. Onun namizədliyini irəli sürməklə KTMT-yə necə əhəmiyyət verdiyimi göstərdim”.
Qeyd edək ki, rəsmi İrəvan KTMT-də rəhbərliyin hələ 2020-ci ilədək Ermənistanda qalmalı olduğunu bildirib.
Ermənistanda barəsində cinayət işi açıldığına görə, KTMT-nin baş katibi Yuri Xaçaturovun vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılmasından sonra, dönəm rəhbərliyi İrəvandan alınıb. Lakin buna baxmayaraq, Ermənistan rəhbərliyi postun İrəvanda qalmasına təkid edir.