24 Dekabr 2018 17:49
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev funksional baxımdan “bayraqdar” - ali və nəcib keyfiyyətlərə sahib, “yanğınsöndürən” - mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyəti ilə həmrəyliyin və bütövlüyün təmin olunmasına nail olan, “faydalı” - özündə bir çox rasional lider keyfiyyətlərini birləşdirən, “təmsilçi” - sahib olduğu bütün resurslardan təmsil etdiyi xalqın mənafeyi üçün istifadə edən liderdir. Prezident İlham Əliyev hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə həm də xarizmatik və rasional-leqal liderdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, İlham Əliyev pozitiv enerji doğurmaq bacarığı olan, sosial fəaliyyətə üstünlük verən, natiqlik və ünsiyyətçilik məharəti ilə, eyni zamanda, ekstraordinar keyfiyyəti ilə fərqlənən liderdir.

Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə bir sıra dəyərləri təqdim edib: “İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, yəni məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Beləliklə, radikalizmi, siyasi şantaj və ekstremizmi siyasi sistemimizdən çıxardı.İlham Əliyev siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika ənənəsi gətirdi. İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozub: “Bununla da xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi. İlham Əliyev neft kapitalını intellektual kapitala çevirək şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə ən güclü rəqiblərinin kürəyini yerə vurdu və bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi”.

Hikmət Babaoğlu vurğulayıb ki, ölkə başçısı Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail olub: “Bu strateji qərarla türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu. XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü. Ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən asılılığına son qoydu. Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi. Qısacası Prezident İlham Əliyev xalqımızı tarixi inkişaf mərhələsində keyfiyyətcə yeni eraya çıxarmağı bacardı”.

Deputat bildirib ki, Prezident İlham Əliyev həm də Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, söz və mətbuat azadlığının təminatçısıdır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər