25 Dekabr 2018 12:49
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın öz silahlı qüvvələrini Suriyadan çıxarmaq qərarı çoxları üçün gözlənilməz oldu. Amma açıqlanan məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib və Ərdoğan da onun bu qərarını müsbət qiymətləndirib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, ABŞ hərbçiləri Suriyada iki nöqtədə mövqe tutmuş və möhkəmlənmişdilər:

“Bunlardan biri kürdlərin yaşadığı rayonlar, digəri İordaniyaya yaxın, İordaniya-İraq sərhədində – Suriyanın cənub-qərbində yerləşən ərazidə idi. Türkiyə Silahlı Qüvvələrinin kürdlərin yaşadığı rayonda onlara qarşı əməliyyat aparmasının qarşısında yeganə maneə ABŞ silahlıları idi. Yəni, NATO müttəfiqlərinin bir-birilə üz-üzə gəlməsi düzgün olmazdı. Mən demirəm ki, Türkiyə ordusu yüz faiz kürd yaraqlıları ilə döyüşəcək. Sadəcə, amerikalıların hərbi və siyasi dəstəyini itirmiş kürdlər siyasi danışıqlarda daha çevik və daha realist mövqe tutmağa meyilli olacaqlar. Bu da bütövlükdə Suriyada hansısa ümumi siyasi razılaşmanın əldə edilməsinə münbit şərait yarada bilər”.

Z.Əlizadə ABŞ Prezidenti Donald Trampın İŞİD-in məhv edilməsindən sonra Suriyada heç nəyin ABŞ-ın milli maraqlarına təhlükə törətmədiyini açıq şəkildə bildirdiyini xatırladıb:

“Tramp açıq şəkildə bildirdi ki, Suriyada nəyin baş verməsi, kimin qalması Amerikanın vecinə deyil. Təbii, Tramp çox gözəl bilir ki, ölkəsi Suriyadan gedəndən sonra Bəşər Əsəd, Azad Suriya Ordusu, Türkiyə, İran və dolayısı yolla İsrail qalacaq. Onlar öz aralarında – Amerikasız bu siyasi tənliyi həll edərlər. Hətta Tramp deyib ki, İraqdan və hətta Əfqanıstandan da qoşunlarını çıxaracaq. Trampın bunu edib-etməyəcəyini demək çətindir. Əgər bunu etsə, çox ağıllı iş görmüş olacaq”.

Politoloq əlavə edib ki, ola bilsin, ABŞ qoşunlarının əsas döyüş hissələri Suriyadan çıxacaq, amma Suriyada Amerikaya meyilli, ona sadiq siyasi-hərbi qüvvələrin dəstəklənməsi ABŞ xarici siyasətinin tərkib hissəsidir:

“Özünü Azad Suriya Ordusu adlandıran, Bəşər Əsədə qarşı olan silahlı dəstələr təbii ki, Qərb tərəfindən, Qərbin göstərişi ilə ərəb rejimlərindən hərbi-siyasi dəstək alırdılar. İndi ABŞ öz qoşunlarını çıxarırsa, bunlar ölməli, yaxud Bəşər Əsədə təslim olmalıdırlar?! Onlar həmin dəstəyi yenə də alacaqlar. Təbii ki, bu, ABŞ-ın göstərişi ilə olacaq. Qətər, Səudiyyə Ərəbistanı, Küveyt Azad Suriya Ordusuna dəstəyi davam etdirəcəklər. Çünki onlar Suriyada sülh yaranmasını, hansısa vətəndaş razılaşmasının olmasını, hansısa islahatların başlamasını istəmirlər. Onlar istəyirlər ki, Suriya elə bu cür dağınıq vəziyyətdə qalsın. Çünki bu, bütövlükdə Qərbin göstərişidir. Bundan sonra ABŞ özü birbaşa olmasa da, onun əlaltıları Suriyanın siyasi və hərb səhnəsində öz fəaliyyətlərini davam etdirəcəklər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər