“Azərbaycan Kommunist Partiyası olaraq, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bizim maraq dairəmizdədir. Azərbaycan prezidenti də öz müsahibəsində bildirdi ki, bu münasibətlər bir sıra istiqamətlər üzrə inkişaf edir”.
Azərbaycan prezidentinin Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən Kommunist Partiyaları İttifaqının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri (AKP MK) Rauf Qurbanov belə deyib.
AKP rəhbəri il ərzində Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamikanın hiss olunduğunu bildirib:
“Biz Rusiya və Azərbaycanın bu münasibətləri inkişaf etdirməyə yönəlik səylərini dəstəkləyirik. İki dövlət və iki xalq arasındakı bu münasibətlərin dərinləşməsi bizi ancaq sevindirə bilər. Azərbaycan prezidentinin də Rusiya ilə əlaqələrdə mehriban qonşuluq siyasəti yürütməsi, bu münasibətlərin daha da inkişafına töhfə verir. Bu əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıyam.
Bu iki mehriban dövlət və xalq arasındakı əlaqələr dostluq və qardaşlığa əsaslanır. İl ərzində biz Azərbaycan və Rusiya prezidentlərinin münasibətlərin inkişafındakı müsbət dinamikanın qorunması istiqamətində gördükləri işlərin şahidi olduq. Tərəflər arasında imzalanmış ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə sazişləri də bura əlavə etsək, münasibətlərin hansı çərçivədə olduğunu görə bilərik”.
Rauf Qurbanovun sözlərinə görə, Rusiya Azərbaycan üçün, Azərbaycan da Rusiya üçün münasibətlərin ən yüksək səviyyədə olduğu çox mühüm tərəfdaş, dost ölkələrdir:
“İnanıram ki, qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində görülən işlər davamlı olacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində Rusiya-Azərbaycan münasibətlərindən danışaraq bildirib ki, mehriban qonşu və etibarlı dost olan iki dövlət arasındakı münasibətlər çox sürətlə inkişaf edir.