Bu yaxınlarda, ABŞ Dövlət Katibi Mayk Pompeonun sözlərindən sonra, “Nizami kimindir” mübahisəsi yenə ortaya atılmışdı. Nizami, əlbət ki, bizimdir. Amma onun mədəni irsi yalnız bizim deyil, orası da var.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli deyib.
Onun sözlərinə görə, bu söhbəti mübahisəyə çevirməyə həvəsli olanlar az deyil: “Bunu da anlayışla qarşılayıram. Mənim razılaşmadığım məsələ başqadır. Nədənsə çoxlarına elə gəlir ki, bu cür mübahisələr ancaq bizdə olur”.
Erkin Qədirli İtaliya və Fransa arasında yaranmış mübahisəyə toxunub: “Güman edirəm, heç olmasa, onları mədəniyyətsiz, geridəqalmış sayan olmayacaq. “Nyu York Tayms” qəzetinin dünənki sayında İtaliya və Fransa mədəniyyət nazirlikləri, eləcə də bəzi ekspertləri arasında yaranmış mübahisə haqqında yazılıb. Deməli, üzümüzə gələn 2019-ci ildə Fransa Leonardo Da Vinçinin ölümündən 500 ilin keçdiyini qeyd edəcək. Parisin məşhur Luvr muzeyi bunun üçün xüsusi sərgi hazırlayır. İlk baxışdan adi bir xəbərdir. Amma İtaliya Mədəniyyət Nazirliyinin yüksək rəsmisi bununla bağlı deyib ki, Fransa İtaliyaya qarşı hörmətsizlik edir. Söhbət Leonardo Da Vinçinin italiyan kimliyindən və onun mədəni irsindən gedir. İtaliyan tərəfi deyir ki, Leonardo italiyan olub, Fransa tərəfi də deyir ki, Leonardo ömrünün sonunu Fransada yaşayıb, burada ölüb, əksər əsərlərinin əsli Parisdədir, üstəlik, Leonardonun dönəmində İtaliya olmayıb”.
Politoloq vurğulayıb ki, bu azmış kimi Fransa tərəfi İtaliyanın iddialarının onun üçün yaxşı nəticələnməyə biləcəyini bildirib: “Fransa turistləri və biznesinin İtaliyaya axını xeyli azalacaq. Bundan əlavə, fransızlar, acığa, başqa bir böyük italiyan rəssamı Rafaelin əsərlərini, daha öncə sərgi üçün söz verdikləri kimi Romaya yox, Londona göndərə biləcəklərini deyiblər. Göründüyü kimi, bu cür söhbətlər hər yerdə var. Bunun, ölkələrin inkişafı, mədəniyyəti və sairlə əlaqəsi yoxdur. Kontekstdən asılı olur. Tarix üzərində siyasət yapmaqdan çəkinən ölkə yoxdur, olmayacaq da. Özümüzü boş buraxmayaq, rahatlanmağa heç bir əsasımız yoxdur. Bir də onu deyim ki, “yalnız Azərbaycanda”, “yalnız azərbaycanlılar” sayağı başlıqlar altında özümüzü və ölkəmizi aşağılamağa girişməyək. Özgüvənimizi, vətəndaş millətçiliyimizi gücləndirməliyik”.