9 Yanvar 2019 09:10
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı ordunun son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax istiqamətində və təmas xəttində atəşkəsi mütəmadi pozması Nikol Paşinyanın danışıqlar prosesindən uzaqlaşmaq cəhdi ola bilər. Çünki hazırda onun münaqişənin həllində real imkanları aşağı səviyyədədir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, N.Paşinyanın Azərbaycan tərəfi ilə şifahi razılaşması oldu və bu razılaşma əsasında bir müddət cəbhədə nisbi sakitlik hökm sürdü:

“Görünür, Paşinyan Azərbaycanın ona verdiyi şansdan sui-istifadə edərək, parlament və digər icra strukturlarında mövqeyini möhkəmləndirdikdən sonra danışıqlardan yayınmağa cəhd edir. Amma onun bu avantürası aprel döyüşlərinin yenidən təkrarlanmasına gətirə bilər. Bu da Paşinyanın siyasi iflası olar.

Hazırda Paşinyanın Rusiya ilə qaz məsələsində anlaşmada istədiyinə nail ola bilməməsi, islahatların reallaşmasında çətinlikləri daxili narazılıqları körükləyir. Bir tərəfdən də Qarabağ münaqişəsinin həllində imkanları dəyərləndirməməsi onu dilemma qarşısında qoyur.

Qeyd edim ki, erməni ordusunda Rusiya kəşfiyyatına bağlı generallar hər vəchlə cəbhədə təxribata gedə bilərlər. Bununla onlar danışıqlar prosesini sıfırlamağa çalışırlar. Nə qədər ki, Paşinyan orduda həmin generalları deşifrə etməyib, Qarabağ klanını tam zərərsizləşdirməyib, onun danışıqlarda müstəqil şəkildə qərar verməyi mümkün olmayacaq. Bir tərəfdən də Rusiya danışıqlarda əsas vasitəçi olaraq qalmaqdadır. Moskva münaqişənin həllinə öz regional rakursundan yanaşır. Kreml “3+2” formatında həll variantını irəli sürür və Qarabağa aralıq statusu verilməsini önə çəkir. Bununla bərabər öz sülhməramlı qüvvələrini Xankəndidə yerləşdirməyi planlayır. Bu variant təbii ki, Azərbaycanın maraqlarına uyğun deyil”.

Politoloq onu da bildirib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti danışıqları gözlənilir:

“Danışıqların detalları barədə məlumat verilməsə də, Azərbaycan tərəfi ərazi bütövlüyünə qarşı hər hansı danışıqlara getməz. Münaqişə ətrafında əsas proses aprel ayından sonra başlayacaq. İl ərzində intensiv danışıqlarda Rusiya da iştirak edəcək. Problem ondadır ki, Kremlin irəli sürdüyü şərtlər danışıqlara mənfi təsir edəcək. Bu da il ərzində danışıqlar prosesinin davam etməsinə xidmət edə bilər. Rəsmi Bakı da məhz bu kimi ssenarilərin qarşısını almağa çalışacaq”.


Müəllif: Səxavət Həmid