10 Yanvar 2019 09:28
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə belə bir söz geniş yayılmışdı: “Avropada bir kabus dolaşmaqdadır; kommunizm kabusu”. Bu gün də Avropada bir kabus dolaşmaqdadır; Avropa dəyərlərinin yoxa çıxması kabusu. Avropa dəyərləri tamamilə yoxa çıxıb. Haqq-ədalət tərəzisi itib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi professor Fəzail İbrahimli bildirib.

O qeyd edib ki, başqa dövlətlərə demokratiya dərsi keçənlərin özləri adamların üstünə atla, gözyaşardıcı qazla, dəyənəklə gedirlər:

“Başqa bir ölkədə kiçik bir hadisəni şişirdib böyük bir qalmaqala çevirirlər. Bunu insan hüquqlarının tapdalanması kimi qələmə verirlər. Amma onların öz ölkələrində çox ciddi hadisələr baş verir. Məsələn, Fransa bu gün inqilab ərəfəsindədir. Onu kim qınayacaq? Qınayacaq dövlətlər Avropadırsa, bu hadisə elə Avropada baş verir. Necə qınasın? Ona görə də bizdə baş verən hadisələrin qınanması insan hüquqlarının qorunması ilə bağlı deyil. Bizə olan münasibət insan haqlarının müdafiəsi müstəvisində deyil”.

F.İbrahimli qeyd edib ki, Azərbaycana olan təzyiqlərin bir səbəbi var; müstəqil Azərbaycanın dik qamətini əymək, təzyiq edib ondan nəsə qoparmaq:

“Onlar fikirləşirlər, necə ola bilər ki, gec gəlib güc olan bir dövlətin MDB məkanında iqtisadiyyatı çox böyük sürətlə inkişaf etsin, libası dəyişsin, ərazisini özü qorusun, ərazisində heç bir xarici hərbi baza olmasın. İstər imperiya ambisiyalı qüvvələr, istərsə də digərləri belə düşünür. Hazırda rusun başı özünə qarışdığı üçün Azərbaycanla bağlı etdiyini edib, oturub. Avropa dövlətlərinə gəldikdə isə belə nəticə çıxarmaq olar ki, hansısa dövlətdə insan haqları barədə danışmağa onların üzü olmamalıdır. Avropa Şurasının da mahiyyəti üzə çıxıb. Şura dövlətlərə təzyiq edərək, onları öz təsiri altında saxlamaq istəyir. Bütün bunlara, yəni hardan təzyiq olmasına, necə olmasına baxmayaraq, Azərbaycan seçdiyi sivil, demokratik inkişaf yolu ilə getməlidir və gedəcək. Ölkəmiz inkişaf etməli və uğurlarını davam etdirməlidir”.


Müəllif: Səxavət Həmid