11 Yanvar 2019 16:30
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin yanvarında daha bir tarixi hadisənin - Azərbaycan Cümhuriyyətinin Paris Sülh konfransının Ali Şurası tərəfindən de-fakto tanınmasının 100 illiyi tamam olur.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev Ali Şuranın tarixi qərarı ilə bağlı qeyri-dəqiqliyə aydınlıq gətirib.

Onun sözlərinə görə, nədənsə bizim tarixçilər 11 yanvar günü üzərində israr edir:

“Bəs bu rəqəm haradan götürülüb? Bilindiyi kimi, Ali Şura Azərbaycanla Gürcüstanın məsələsinə eyni gündə baxıb. Gürcü tarixşünaslığı isə ölkənin de-fakto tanınma günü kimi 12 yanvar tarixini göstərir. Bu, necə ola bilər? Qərar eyni gündə qəbul olunubsa, tarixlər niyə fərqlənməlidir? Hələ onu demirəm ki, 1920-ci ilin 11 yanvar günü, ümumiyyətlə, bazar gününə təsadüf edirdi. Fövqəladə bir hadisə baş vermədiyindən Ali Şuranın bazar günü iclasa toplaşması inandırıcı görünmür”.

Vilayət Quliyev qeyd edib ki, Tiflisdə və Bakıda iki ölkənin dövlət müstəqilliyinin de-fakto tanınması ilə əlaqədar bayram təntənələri keçiriləndə nümayəndə heyətlərinin heç birinin əlində bunu təsdiq edən rəsmi qərar, qətnamə, protokoldan çıxarış və s. yox idi:

“Onlar sadəcə, Böyük Britaniyanın Qafqazdakı ali komissarı Uordropun məlumatına əsaslanırdılar. Bütün məsələlərin həllinə hüquqi müstəvidən yanaşan və bütün faktların sənədlərlə təsdiqinə mühüm önəm verən Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov digər iclasların protokollarından çıxarışlarla bir sırada ölkəsinin yeni tarixindəki bu mühüm günlə əlaqədar rəsmi sənəd əldə etmək məqsədi ilə 1920-ci il yanvarın 29-da Paris Sülh konfransının sədrinə məktub göndərmişdi. Ertəsi gün, yanvarın 30-da Sülh konfransının katibliyi ona xahiş etdiyi digər sənədlərlə birlikdə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması haqqında “Ali Şuranın 10 yanvar 1920-ci il tarixli qətnaməsinin surətini” də təqdim etmişdi. Deməli 11 yanvar yox, 10 yanvardır.

Bu sənəd R.Abutalıbov və G.Mamuliyanın çapa hazırladıqları 4 cildlik “Ə.Topçubaşi. Paris arxivi”nin I cildinə daxil edilib. Məncə, belə bir mötəbər sənədə inanmamağa əsasımız yoxdur. Sual oluna bilər - o zaman gürcülər 12 yanvar tarixini haradan götürüblər? Çox güman ki, qonşularımız xəbərin Tiflisdə alınmasını əsas kimi qəbul ediblər. 10 yoxsa 11 yanvar? Məncə, 11 yanvar günü üzərində israr edən tarixçilərimiz bu məsələyə aydınlıq gətirməlidirlər”.


Müəllif: Nərgiz