16 Yanvar 2019 09:01
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Yaxın Şərqdə kürd dövləti yaratmaq istəyir. Düzdür, Vaşinqton bunu açıq demir və etiraf etmir. Hətta Bərzani İraq Kürdüstanını müstəqil elan edəndə Vaşinqton bu prosesi dəstəkləmədi. Çünki ciddi ittihamlarla qarşılaşmaq istəmirdi. Ancaq ABŞ-ın kürdləri açıq formada qoruduğunu görməmək əsla mümkün deyil. Trampın son bəyanatı da buna misaldır”.

Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev ABŞ-Türkiyə münasibətlərində yaranan durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, həm silahlandırma, həm təşkilatlandırma, həm də hərbi təlimlər baxımından ABŞ-ın kürdlərə dəstəyi açıq görünür:

“Hazırda Prezident Tramp Suriyadan çıxmaq qərarını verib, amma narahatdır ki, Türkiyə Menbiçə daxil olaraq kürd silahlıları sıradan çıxara bilər. Tramp bunu kürdlərin təşkilatlanmasının dağıdılması kimi deyil, kürdlərin məhv edilməsi kimi qələmə verir. Bu da o deməkdir ki, Türkiyə ordusu ilə YPG arasında silahlı qarşıdurma baş verə bilər.

Tramp Suriyadan çəkilməkdə qərarlıdır, lakin çalışır ki, Türkiyədən YPG-yə toxunmayacağına dair təminat alsın. Türkiyə isə çoxdan YPG-ni düşmən elan edib və bəyan edib ki, bu terror təşkilatı PKK ilə müttəfiqdir. Daha əvvəl də Türkiyə Suriyada keçirdiyi əməliyyatlarla YPG-ni bəzi ərazilərdən çıxarıb. Düzdür, aralarında ciddi toqquşma olmayıb, YPG əraziləri boşaldaraq geriyə çəkilib və türk ordusu ilə müharibəyə girməkdən çəkinib. İndisə Türkiyə Menbiçə daxil olmaq istəyir, amma YPG orada sanki Əsədlə razılığa gəlmiş kimi görünür.

Görünən odur ki, tam olmasa da, Əsəd qüvvələri Menbiçin müəyyən hissəsini nəzarət altına götürüb”.

Ekspert hesab edir ki, Fəratın şərqində hərbi əməliyyatların keçirilməsi məsələsində Türkiyə təkbaşına qərar verə bilməyəcək:

“Burada ABŞ deyil, Rusiya da var. Türkiyə Rusiya ilə belə razılaşa bilər ki, bütün bu torpaqlarda Bəşər Əsədin özü hakimiyyət quracaqsa, biz ora daxil olmaya bilərik. Yox, əgər belə bir plan yoxdursa, biz ora daxil olaraq ikinci bir dövlətin qurulmasına imkan verməyəcəyik. Hər halda prezident Ərdoğan Rusiyaya bunu təklif edəcək. Lakin ABŞ-ın öz mövqeyindən geri çəkiləcəyinə inanmıram. ABŞ Türkiyənin Menbiçə daxil olmasına, YPG-yə zərbə vurmasına imkan verməyəcək. Əsas məsələ YPG-nin nəzarət altında saxladığı torpaqlardır. Ola bilsin ki, Tramp administrasiyası Ankara ilə razılaşa bilər ki, YPG müəyyən ərazilərdən çıxarılsın. Amma Menbiçin Türkiyəyə veriləcəyi ağlabatan deyil. Alternativ variant Menbiçin Azad Suriya Ordusuna (ASO) verilməsidir. Buna ABŞ razı olsa da, YPG, Bəşər Əsəd və Rusiya razı olmaz. Bu səbəbdən də Türkiyənin Menbiçə girməsi çox çətin məsələdir. Menbiç ən yaxşı halda Bəşər Əsədin nəzarətinə keçə bilər”.

Fərhad Mehdiyev hesab edir ki, son illər Türk-Amerika münasibətləri çox yaxın olmasa da, tam qopmuş formada da deyil.

Onun fikrincə, Vaşinqton-Ankara münasibətlərində soyuq küləklərin əsməsinin bir neçə səbəbi var:

“Bunlardan birincisi, Ankaranın Rusiyadan S-400 kompleksi almasıdır. Fikrimcə, Türkiyə bundan imtina etməyəcək. O, da aydındır ki, Türkiyə uzun illər aldığı S-400 kompleksini heç kimə qarşı istifadə etməyəcək. ABŞ son model “Patriot” raketlərini Türkiyəyə satmağa qərar verdi.

Məncə, Türkiyə bu sistemi almayacaq. Yəni həm S-400, həm də “Patriot” sistemi almaq ağlabatan görünmür. Ancaq S-400 kompleksi Rusiya hərbi obyektlərini vura bilmədiyi kimi “Patriot” da NATO-ya aid obyektləri vura bilmir. “Türkiyə regionda kimlə müharibə apara, bu silahları kimə qarşı istifadə edə bilər” sualına cavab axtaranda, belə görünür ki, Türkiyə ancaq Yunanıstanla müharibə apara bilər. Müharibə aparılması ehtimal olunan digər dövlətlər isə İran, İraq və Suriyadır. Bu dövlətlərin üçü də Rusiyanın silahı ilə təmin edilən dövlətlərdir. İranın isə S-300 raketləri var. Hər halda Türkiyə bu dövlətlərə qarşı S-400 kompleksindən istifadə etmək istəsə, Rusiyanın razılığı olmalıdır. Moskvanın razılığı olmasa, bu raketlər hədəfləri vura bilməyəcək. İkincisi, Türkiyə ABŞ-dan F-35 almağı planlayır. Məncə, indiki şərtlərlə bu silahların alqı-satqısı baş tutmayacaq.

Hesab edirəm ki, ABŞ-Türkiyə münasibətləri bir müddət bu formada davam edəcək. Türkiyə xarici siyasətində dəyişikliklərin olduğu, Qərbdən məsafə saxlanıldığı, üzünü daha çox Osmanlı sərhədlərinə çevirdiyi müşahidə olunur.

Türkiyə yaxşı anlayır ki, onu Avropa Birliyinə qəbul etməyəcəklər. Odur ki, indi Türkiyə Osmanlı mirasını geri qaytarmaq istəyini çox da gizlətmir. Ərəb dövlətlərində nüfuzu artırmaq istəyəcək. Bu da bir müddət Türkiyə-Qərb arasında münasibətlərin indiki formada davam etməsinə səbəb olacaq.

Hesab edirəm ki, yaxın gələcəkdə Türkiyə-ABŞ münasibətlərində istiləşmə gözləmək lazım deyil. Bunun ehtimalı aşağıdır. Həm də indi Türkiyədə Qərblə ittifaq qurmaq xəttinə üstünlük verən qüvvələr müxalifətdədir. İqtidarı dəstəkləyən qüvvələr isə Qərbə qarşıdırlar”.


Müəllif: Cavad