16 Yanvar 2019 17:39
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarkozinin Azərbaycana niyə gəldiyinə dair sual bir çoxumuzu maraqlandırır. 2007-2012-ci illərdə Fransanın prezidenti olan Nikola Sarkozi əvvəlki illərdə də Bakıda olub. Nikola Sarkozi Bakıda əvvəlcə prezident İlham Əliyevlə görüşüb. Görüşdə keçmiş illərdəki əməkdaşlıq və Bakıda hər iki prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması xatırlanıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, görüş zamanı həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərini genişləndirilməsi də qeyd edilib: “Nikola Sarkozi birinci vitse-prezident Mehriban Əliyeva ilə də görüşüb. Bu görüş də təsadüfi deyil. Birincisi, Mehriban Əliyeva millət vəkili olduğu illərdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri olub, iki ölkə arasındakı əməkdaşlığın inkişafı üçün enerji sərf olunub, ikincisi, birinci vitse-prezident vaxtilə məhz prezident Sarkozinin əlindən Fransanın ali mükafatını “Şərəf Legionunun Zabiti” dövlət ordenini alıb”.

Elxan Şahinoğlu qeyd edib ki, Sarkozi yalnız xoş xatirələrini bölüşmək üçün Bakıya gəlməyib: “Əslində Bakıda Fransanın hazırki prezidenti Emmanuel Makronu gözləyirdilər. O hələ keçən ilin oktyabr ayında Bakıya gəlməli idi. Ancaq Makron Bakının əvəzinə o zaman İrəvana getdi və qonşu ölkədəki mənasız bir konfransda iştirak etdi. Düşünülürdü ki, bəlkə Makron İrəvandan sonra Bakıya gələ. Ancaq Makron Parisə qayıtmağa üstünlük verdi və bununla Fransa-Azərbaycan münasibətlərində suallarının sayını artırdı. Makronun sonrakı aylarda Bakıya gəlişi artıq mümkün deyildi. Çünki Fransada “sarı jiletlilərin” aylardır davam edən etirazı Makronu faktiki ev həbsinə sürükləyib. Onu hazırda bu problemin həlli düşündürür, ancaq ortada hələ ki, müsbət nəticə yoxdur. Makron maaş və pensiyaları aylıq 100 avro artırdı, ancaq bunun də faydası olmadı, “sarı jiletlilər” aksiyalarına davam edirlər. Makron məcbur qalıb ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayıb, onların dərdlərini dinləyir. Son durum Makronun reytinqinə mənfi təsir edib. Makronun ikinci dəfə prezident seçilmək şansı getdikcə azalır. Bəs onu gələcəkdə kim əvəz edə bilər? Bu yerdə Nikola Sarkozinin ismini tələffüz edirlər. Doğrudur, Sarkozinin dönəmində də iqtisadiyyatda ciddi problemlər var idi, üstəgəl onun adı Liviyanın keçmiş diktatoru Müəmmır Qəzzafi ilə əlaqələndirilirdi ki, Qəzzafi ailəsi Sarkozinin prezident seçilməsi üçün ona maliyyə göndərmişdi və sair”.

Politoloq vurğulayıb ki, bununla belə Sarkozinin prezident olduğu illərdə Fransanın küçələrində ən azı sakitlik var idi, iqtisadiyyat uçuruma doğru getmirdi: “Hazırki hesablamalara görə, “sarı jiletlilərin” etirazları Fransa iqtisadiyyatına hər gün yüz milyonlarla avro ziyan vurur. Əlbəttə, bu o demək deyil ki, Sarkozinin yenidən prezident seçilmək şansı yüksəkdir. Ancaq o gələcək prezident seçkisində sağların namizədi olmağa çalışa bilər. Sarkozi görür ki, Makron xarici siyasətdə boşluqlar yaradır və keçmiş prezident bu boşluqlardan istifadə etməyə çalışır. Məsələn, Sarkozinin dövründə Fransa-ABŞ münasibətlərində ciddi problem yox idi. Makron isə Vaşinqtona meydan oxuyur, ABŞ əleyhinə Avropa ordusundan danışır. Doğrudur, Fransadakı hazırki qarışıqlıq Avropa ordusu mövzusunu unutdurub, ancaq Makronun Amerikaya nifrəti azalmayıb. Sarkozi yalnız Azərbaycana səfər etməyib, o müxtəlif ölkələrdə peyda olur və ikitərəfli əlaqələrin keçmişindən ağızdolusu danışır. Fransa-Azərbaycan siyasi münasibətlərində zaman-zaman müəyyən suallar yaransa da, iqtisadi əlaqələrdə problem yoxdur, Fransa şirkətləri Azərbaycan rahat fəaliyyət göstərir, tenderlərdə iştirak edirlər. Sarkozinin Azərbaycana və digər ölkələrə səfərləri gələcək prezident seçkisi kampaniyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər”.


Müəllif: Nərgiz