16 Yanvar 2019 23:58
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri əsasən İrana qarşı tətbiq edilən sanksiyalarla bağlıdır. ABŞ bu sanksiyalar vasitəsilə Tehranla iqtisadi-ticarət əlaqələri qurmuş ölkələrin İranı boykot etməsinə çalışır. Ancaq belə görünür ki, Azərbaycanın bu sanksiyalar sisteminə qoşulmaq niyyəti yoxdur”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

M.Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini şərh edən politoloq bildirib ki, ölkəmiz İranla əlaqələrini imzalanmış sazişlərin ruhuna uyğun olaraq inkişaf etdirmək niyyətindədir:

“Bizim İranla müxtəlif sahələrdə çoxşaxəli əlaqələrimiz var. Bu əlaqələr hələ ki, normal işləyir. Amma İran Azərbaycan sarıdan bir neçə nöqteyi-nəzərdən əmin olmaq istəyir. Birincisi, Tehran Azərbaycan ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatların aparılmamasını, yaxud müşahidələrin, dəniz vasitəsilə müşahidə dronlarının göndərilməməsini istəyir. Belə hallar yoxdur. Ancaq İran yenə də narahatdır.

Çünki Tehranda belə bir yanlış fikir formalaşıb ki, İsrail Azərbaycan ərazilərindən İrana qarşı yararlanır, yaxud yararlana bilər. Ancaq Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı hərbi və ya müşahidə əməliyyatlarının keçirilməsinə heç zaman icazə verməyəcəyini dönə-dönə bəyan edib. İranın özünün də Azərbaycan ərazisindən İrana qarşı ola biləcək hər hansı təxribat xarakterli hərəkətlərə yol verilmədiyini müəyyən müşahidə etmək imkanları var. Yəni bu birmənalı olaraq belədir.

Amma İran tərəfi yəqin ki, Azərbaycandan bir neçə sahədə təminat almaq istəyir. Bunlardan ən başlıcası qeyd etdiyim kimi, Azərbaycan ərazisindən İrana qarşı hərbi istinad nöqtəsi kimi istifadə edilməməsidir. Çox güman ki, Azərbaycan tərəfi bununla bağlı özünün açıq və şəffaf mövqeyini ortaya qoyub”.

Q.Hüseynli qeyd edib ki, İran tərəfi Azərbaycanla bir sıra sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etmək niyyətindədir:

“İranın hərbi məhsullar istehsalı sahəsində müəyyən nailiyyətləri var. Cənub qonşumuz o nailiyyətləri Azərbaycanla bölüşə bilər. Yəqin ki, Baqeri ölkəmizdə bu təkliflərlə də çıxış edib. Bu təkliflərdən Azərbaycan üçün sərfəli olanı, xüsusilə ölkəmiz üçün lazımi silahların birgə istehsalı ola bilər”.


Müəllif: Səxavət Həmid