18 Yanvar 2019 20:58
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentində Mehman Hüseynovla bağlı təcili “qətnamə” qəbul olunması ilə əlaqədar tədbirin keçirilməsi, ilk növbədə, onu göstərir ki, elə əvvəldən Mehman Hüseynov məsələsi ölkəmizə qarşı anti-Azərbaycan mərkəzləri tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi.

Bunu Teleqarf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, qısa zamanda bəlli oldu ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırıb:

“O özü vəziyyətinin yaxşı olduğunu bəyan etdi. Keçirdiyi aksiyanı dayandırdığını bildirdi. Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını ifadə etdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik nümayəndəlikləri də orada oldular. Hadisəni təsdiq etdilər. Ancaq buna baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir. Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edir. Necə deyərlər, Papadan artıq katolik olmağa çalışır. Ancaq həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetinə çevirməsin”.

H.Babaoğlunun sözlərinə görə, əgər bu “qətnamə”nin müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Corc Sorosun dəst-xətti aydın görünür: “Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra hallarda o, rəngli inqilabların ilhamvericisi və dəstəkvericisi qismində çıxış edib. Eyni zamanda, Avronestdə daim bu cür məsələləri dəstəkləyib. Analiz etsək görəcəyik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarda dərk edildi, eyni zamanda, Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər ssenarilər vaxtaşırı təkrar edildiyi üçün fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir. Çünki bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb. Hamı bilir ki, bu cür ssenarilərin məqsədi xaos, qarşıdurma yaratmaq, beləliklə, Qarabağ probleminin həllini unutdurmaqdır”.

Azərbaycanın 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirdiyini qeyd edən deputat bu məsələ ilə bağlı bir sıra yeni gözləntilərin olduğunu vurğulayıb:

“Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib, bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir və öz milli məqsədlərinə çatmaq üçün prinsipial mövqeyini davam etdirəcək”.


Müəllif: Səxavət Həmid