21 Yanvar 2019 16:24
2 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 16-da Parisdə baş tutan görüşündə tərəflərin xalqların sülhə hazırlanması haqda razılıq əldə etməsini necə dəyərləndirirsiniz?

- Açığı, bəzi dairələr var ki, onlar prosesin getdiyini göstərməkdə maraqlıdırlar. Sözsüz ki, bilavasitə bu istiqamətdə işləyən insanların da bunda marağı var. Rusiya da bu işdə maraqlıdır. Ümumən bir qrup maraqlı diplomat çalışır ki, prosesin getdiyi haqda görüntü yaratsın. Bu prosesin getdiyini göstərmək hansı formada ola bilər? Sözsüz ki, bəyanatlarla. Hansı ki, bu bəyanatı başa düşmək olmur. Xalqların sülhə hazırlanması haqda fikirlər deyirlər, çox gözəl. Ancaq hesab edirəm ki, ortada real bir şey yoxdur.

- Ancaq ATƏT-in Minsk Qrupunun bəyanatı oldu, həmsədrlər görüşlərin keçirilməsini və tərəflərin öz xalqlarını sülhə hazırlamaq barədə razılıq əldə etmələrini dəstəklədi...

- Siz, onlardan hansı bəyanatı gözləyirsiniz? Elə prosesin getdiyi haqda görüntü yaratmaqda maraqlı olanlardan biri də onlardır. Real danışıqların olmadığı, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etmədiyi, Azərbaycan istədiyi nəticəni əldə etmədiyi bir dövrdə Minsk Qrupu nə deməlidir? Düşünürsünüz, onlar deyəcək ki, danışıqları dayandırın və gedin müharibə ilə məşğul olub, probleminizi həll edin? Real vəziyyət ortadadır.

- BMT-nin baş katibi belə tərəflərin bu razılaşmasını dəstəklədiyini elan etdi...

- Bəzən ATƏT sədrini də bura əlavə edirlər. ATƏT sədrinin vəzifəsi texniki xarakter daşıyır. O, adətən siyasi bəyanatlar vermir, real siyasi rəhbərlik adətən icraçı sədrdə olur.

BMT-nin baş katibinin verdiyi bəyanata gəldikdə, burada qeyri-adi bir şey yoxdur. Biz real düşünməliyik. Bəyəm Ermənistandan torpaqlarımızı işğaldan azad etdiklərinə dair siqnalvar? Əgər belə bir siqnal yoxdursa, onda ortalıqda da heç nə yoxdur. Sadəcə, imitasiya prosesi müşahidə olunur. İndi vəziyyət bir qədər başqa mərhələyə çatıb. Yəni Ermənistanda inqilab olub, daha sonra hakimiyyət dəyişikliyi baş verib, sonra da hökumət rəsmən formalaşıb. İndi də Qarabağ mövzusunda konkret nəsə demək lazımdır. Hamı da bilir ki, nə deyilməlidir. Münaqişəyə dair qətnamələr, bəyanatlar, sənədlər var. Hamı da anlayır ki, işğal edilən torpaqları azad etmək lazımdır. Yeni erməni hökumətinin isə belə bir bəyanat verməsi real deyil. Çünki indiki halda Ermənistanın mövqeyi buna imkan vermir. Odur ki, belə sözlər, ifadələr ortaya atırlar. Elan olunur ki, tərəflər sülhə hazırlaşır və s. Biz sülhə hazırıq. Bizi sülhə hazırlamağa ehtiyac yoxdur, torpaqları işğaldan azad etsinlər.

- İndiki mərhələdə Ermənistanın yeni hökumətinin mövqeyi, onun Qarabağ məsələsinə yanaşması və beynəlxalq xarici siyasətdə gedişlərini necə analiz edirsiniz?

- Hesab edirəm ki, indi Ermənistan hökumətinin xarici siyasətdə əsas problemi heç də konfliktin həlli məsələsi deyil. Əsas problemləri odur ki, Qərbpərəst siyasəti həyata keçirməyə başlayaraq öz canlarını Rusiyadan xilas etsinlər. İstər-istəməz onlar bu istəklərini büruzə verir və ifadə edirlər. Başa düşürlər ki, Rusiyadan iqtisadi baxımdan asılılıqları var, amma Qərb bu və ya digər şəkildə onlara yardım göstərəcək. Rusiyadan Ermənistana gələn yardım rəsmi kanallarla deyil, orada işləyən ermənilərin vasitəsilə olur. Üstəlik bu nəzarət altında olan maliyyədir. Ermənilər anlayır ki, iqtisadi baxımdan Rusiyadan uzaqlaşma məsələsini həll edəcəklər. Problemləri isə Ermənistanın təhlükəsizlik məsələsinin kim tərəfindən həll edilməsidir. Rusiyadan başqa bunu üzərinə götürən yoxdur. Ancaq “sən Qərbə doğru gedirsənsə, mən niyə sənin təhlükəsizlik problemini təmin etməliyəm” problemi də var. Ona görə də Rusiyada olan ermənipərəst dairələr bu problemi həll etməyincə, onlara Qarabağ və digər istiqamətlərdə sakitlik olması lazımdır. Yuxarıda qeyd olunan bəyanatlar da elə buna xidmət edir. Yəni Ermənistan ya Qərblə olmalıdır, ya da işğal etdiyi torpaqları nəzarətində saxlamaq üçün Sərkisyan kimi Rusiyanın qulu olaraq qalmalıdır. Bu, sadə və aydın məntiqdir.

- Rusiyanın bu məsələyə münasibəti necədir?

- Məncə, Rusiyada anlayırlar ki, bu ciddi prosesdir və Ermənistanı Sərkisyanın dövründə olduğu vəziyyətə qaytarmaq mümkün olmayacaq. Bu fonda yenidən məsələyə baxırlar və Ermənistanın onlara lazım olub-olmadığı haqda düşünürlər. Burada da aydın olur ki, geopolitik baxımdan Ermənistan onlara lazım deyil və əslində ora xərclənən pullar lazımsız xərclərdir. Amma bu qərarı uzatmaq üçün Rusiya rəhbərliyi daxilində olan ermənipərəst qüvvələr “Ermənistan geri qayıdacaq, bu ölkə Rusiya üçün vacibdir və s.” Kimi oyunlar aparırlar. Hələlik bu problemlər var. Amma mən hesab edirəm ki, gec-tez həqiqi reallıq üzə çıxacaq və bu, qaçılmaz prosesdir.

- Bu halda Rusiya nədən Qarabağ konflikti ilə bağlı açıq formada rəsmi Bakının mövqeyini dəstəkləmir? Axı bu həm də Yerevana vasitəsi ola bilər...

- Hesab edirəm ki, Rusiya hələlik ciddi və Azərbaycanpərəst mövqe ifadə etməyib. Bundan əvvəl bəzən 3, bəzən 5 rayonun işğaldan azad edilməsi haqda fikirlər səsləndirilib. Lakin “bunun əvəzində nə alınacaqdı” sualına cavabı dəqiq bilməmişik. Odur ki, indiyə qədər səslənən fikirlər arasında əslində heç bir fərq görmürəm. Zənnimcə, siz dediyiniz məsələ hələlik ehtiyatdadır. Həm də təzyiqlər yalnız bəyanatlarla olmur. Ermənistana təzyiq real hərəkətlərlə olmalıdır. Onsuz da Rusiya Ermənistandan gedəcək, amma öz ictimaiyyəti və ona dost olan ölkələr üçün elə mənzərə yaranmalıdır ki, ermənilər Rusiya-Ermənistan dostluğunu satıblar və buna görə də Rusiya məcbur olub onlardan uzaqlaşır. İndi bu mənzərə yaranmalıdır.

- Hesab edirsiniz ki, Paris görüşündə razılaşma əldə edilməyib?

- Bilirsinizmi, həmin görüşdən sonra “sülhə hazırlamaq” ifadəsi səsləndirilib. İndi mənə izah etsinlər ki, qaçqını sülhə hazırlamaq necə olur? Sən torpaqları işğaldan azad et, qaçqın gedib özünün yurdunda məskunlaşsın. Bunun üçün də qaçqına avtomobil vermək, əşyalarına ora yükləmək və yurdunda yaşaması üçün şərait yaratmasına köməklik etmək lazımdır. Biz də buna hazırıq. Gözəl ifadələr, mürəkkəb sözlər nəyə lazımdır? Biz, sülhə hazırıq, torpaqları işğaldan azad etsinlər!

- Siz, hesab edirsiniz ki, indi Qarabağ danışıqları Paşinyan hökuməti üçün təhlükəlidir?

- İndi Qarabağ konfliktinin həlli məsələsi Paşinyanın masası üzərində deyil. Bu mərhələdə onlar əsasən, daxildəki məsələləri nəzarət altında saxlamaq, Qarabağ klanını iqtisadi, siyasi və hüquqi sferadan uzaqlaşdırmaq və hakimiyyətdə öz adamlarını yerləşdirmək haqqında düşünürlər. Əksinə, bu mərhələdə Qarabağ faktoru onlar üçün maneə kimi qəbul edilir. Yəni konflikt apardıqları prosesə mane ola bilər. Odur ki, indi erməni hökumətinin danışıqlar prosesində kompromis addım atması mümkün deyil. Əksinə, kompromisə gedilsə, ölkə daxilində yeni hökumətə qarşı əks təbliğat kampaniyası dərhal güclənəcək. İndiki sakitlik erməni hakimiyyətinə sərf edir. Maraqlıdır ki, bu sakitlik elə Azərbaycana da sərf edir.

- Azərbaycana hansı baxımdan sərf edir?

- Çünki Ermənistanda cəmiyyətin qarşıdurması var. Söhbət Yerevan erməniləri ilə Qarabağ erməniləri arasındakı mübarizədən gedir. Hazırda bu qarşıdurma kəskinləşir. Onlar bir-birilə nə qədər mübarizə aparsa, birin-birini nə qədər çox əzsə, Ermənistan bir dövlət kimi o qədər zəifləyəcək. Onların bu mübarizəsinə, yəni Ermənistanı zəiflətməsi prosesinə mane olmamaq lazımdır. Azərbaycan tərəfi təhlükəli addım atanda onlar dərhal öz davalarını yaddan çıxararaq xarici düşmənə qarşı birləşirlər. İndi biz kənara çəkilərək imkan vermişik ki, bir-birini qırsınlar. Məncə, bu, doğru və məntiqi yanaşmadır. İstəsəniz bu məntiqi “əhalini sülhə hazırlamaq” kimi təqdim etmək olar. Amma real taktikanın mahiyyəti dediklərimdən ibarətdir.


Müəllif: Cavad