Teleqraf.com “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi, politoloq Elçin Şıxlı ilə müsahibəni təqdim edir.
- ABŞ-ın Suriyadan çıxacağını elan etməsindən sonra bu ölkədə durum kəskinləşib. Suriyada Rusiya və İrana bağlı qüvvələr arasında silahlı qarşıdurma qeydə alınıb, İdlibdə olan “Heyəti Təhrir Şam ” qrupu Lazkiyəyə hücuma hazırlaşır, rus əsgərlər Menbiçə daxil olub. Sizcə, indi Suriya prosesi hansı mərhələni yaşayır?
- Bunlar təbii prosesdir, amma ABŞ-ın Suriyadan çıxmaq niyyəti ABŞ-a qarşı olan qüvvələri fəallaşdırıb. Onlar düşünürlər ki, artıq Suriyada ümumi düşmən yoxdur. Yəni Rusiyanın, İranın və Əsəd rejiminin düşməni yoxdur. Odur ki, hər dövlətin öz maraqları önə çıxır. Nəzərə alaq ki, Suriyaya heç kim sadə nüfuzuna görə daxil olmayıb. Suriya strateji nöqtədir, bir sıra tranzit kəmərlər oradan keçir. Əslində dava da bunun üzərindədir. Artıq ABŞ-ın oradan çıxdığını göz önünə alan qüvvələr bir-birilə qarşı-qarşıya gəlir.
Donald Trampın uzaq görən olduğunu düşünsəydim fikir yürüdərdim ki, özü qəsdən Suriyadan çıxdığını elan edib, çünki ABŞ-a qarşı vahid cəbhədən çıxış edənlər indi başlayacaqlar bir-birini qırmağa. Sonradan ABŞ daha əsaslı formada geri qayıdacaq. Ancaq mən düşünmürəm ki, Donald Tramp bunu düşünərək belə qərar verib.
- Suriyada İran və Rusiyaya bağlı qüvvələrin bir-birinə zərbələr endirməsi nəyin göstəricisidir?
- Əslində bu qeyri-adi hadisə deyil. Orada üz-üzə gələn qüvvələr bağlı olduğu dövlətlərin maraqlarına uyğun hərəkət edirlər. Yəni özbaşına hərəkət etmə ehtimalı azdır. Fikrimcə, bu Suriya uğrunda yeni mübarizənin təzahürüdür.
- Baş verən bu hadisələr ABŞ Suriyadan çıxdıqdan sonra nələrin yaşanacağına dair mənzərəni yaradırmı?
- Hesab edirəm ki, orada qırğınlar davam edəcək. Amma ABŞ da orada qalmaqda davam edəcək. Əslində ABŞ dəstəyi olmadan YPG heç nə edə bilməz. Orada dini radikal qruplar da fəallaşacaq. Əgər Trampa ciddi qiymət versəydim düşünərdim ki, Tramp “əlimi Suriyadan çəkəndə görün nələr baş verir” mənzərəsini göstərir. Hesab edirəm ki, Suriyada qarşıdurma uzun çəkəcək.
- Nəyi nəzərdə tutursunuz?
- İranın Suriyada öz marağı var. İran məhv olmamaq üçün Suriyada mövqelərini möhkəmləndirir. Rusiya da həm mövqelərini bərkidir, həm də bunu daxili aditorioyada təbliğat vasitəsi kimi istifadə edir. Hazırda Vladimir Putinin reytinqi aşağıdır, bu amildən təbliğat üçün ciddi formada istifadə olunur. Hətta sosial şəbəkələrdə karikaturaya oxşar foto yayılıb. Guya qarlı-şaxtalı havada ruslar elan edirlər ki, Maduronu da Əsəd kimi qorumaq üçün əllərindən gələni edəcəklər. Əlbəttə, bu etirazın bir formasıdır. Ancaq nəzərə alaq ki, Rusiya öz nüfunuzu qorumaq, maraqlarını təmin etmək məqsədilə Suriyadadır.
Əlavə edim ki, bu yaxınlarda Moskvada Putin və Abe arasında görüş keçirildi. Putinlə Yaponiya baş anziri Abe neçə illərdir Rusiya və Yaponiya arasında sülh müqaviləsi imzalamağa çalışır. Artıq Kuril adalarının şimal hissəsi ətrafında danışıqlar başlayıb. Rusiyanın nə iqtisadi gücü, nə də əli çatır ki, bu ərazilərdə iş aparsın. İndi Rusiya bu ərazilərdən iqtisadi gəlir əldə etmək üçün Yaponiyaya verir və adını da qoyur ki, kirayəyə verir. Bu nöqteyi nəzərdən Rusiyanın durumu elə də ürəkaçan deyil.
Eləcə də Suriyada Türkiyənin dövlət maraqları var. Ankara 20 kilometrlik təhlükəsizlik zolağı yaratmağı, ərəb qaçqınları bu ərazilərdə yerləşdirmək niyyətindədir. Hesab edirəm ki, bu proses də gedəcək.
Ancaq iş ondadır ki, Rusiya, Türkiyə və İran öz aralarında danışıqlara getsə də, Suriya mövzusunda ümumi rəyə gələ bilmirlər. Məhz bu səbəbdən də yenidən Astana formatında görüşə hazırlaşırlar.
Ümumilikdə onu deyə bilərik ki, Suriyada hələ çox qanlar töküləcək.
- Bu həftə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə telefon müzakirəsi apardı. Hazırda ABŞ Cənubi Qafqazda nə gözləyir və istəyir?
- Bəlkə də ABŞ bir güllə ilə iki dövşan vurmaq niyyətindədir. Bu saat ABŞ-ın, şəxsən Tramp hökumətinin daxildə ciddi problemləri var. Məsələn, “şatdaun” problemi ciddidir. Habelə Konqresdə daxili qarşıdurma müşahidə edilir. Bir ildən sonra yeni prezident seçkiləri keçiriləcək. Suriya, Əfqanıstan, Venesuela məsələləri var. Bütün bunlarla parallel olaraq Con Boltonun Cənubi Qafqaz liderləri ilə danışıqlar aparması maraqlıdır. Məsələn, Dağlıq Qarabağ konfliktinin ABŞ siyasətində birinci yerdə olduğunu demək sadəlöhvlük olardı. Çünki yuxarıda qeyd etdiyim ki, ABŞ-ın xarici siyasətdə daha ciddi problemləri var.
Ancaq mən “bir güllə ilə iki dovşan vurmaq” deyəndə nəyi nəzərdə tuturam? Cənubi Qafqaz ölkələri Rusiya üçün bir Cənub yastığıdır. Cənubi Qafqaz ölkələrini Rusiya heç cür itirmək istəmir. Amma diqqətlə baxsaq görərik ki, Gürcüstanı müəyyən qədər əldən verib. Baxmayaraq ki, Sakaaşvilidən fərqli olaraq indiki Gürcüstan hakimiyyəti ruslara daha meyillidir. Amma Qarbaçovun dediyi kimi Gürcüstanda proses başlayıb və Qərbə doğru gedilir.
Ermənistanda isə Qarabağ klanı hakimiyyətini itirdi, hazırda Paşinyan iqtidarı mövcuddur. Rəsmi Yerevan Rusiya və Qərb arasında vurnuxur. Paşinyan anlayır ki, Qərb perspektivdir, amma indiki halda Rusiyasız yaşamaq mümkünsüzdür. Bir məqam da odur ki, İranın Ermənistana ərzaq və enerji dəstəyi olmasa, Rusiya bu dəstəyi verə bilməz. Bu da ciddi məsələdir.
ABŞ üçün bu regionda ciddi rəqib Rusiya və İrandır. Vaşinqton hər iki rəqibinə qarşı sanksiyalar tətbiq edib. Rusiyanın Cənub boşluğunu zəiflətmək üçün Cənubi Qafqaz ABŞ-a lazımdır. Eləcə də İranı diz üstə çökdürmək üçün Cənubi Qafqaz vacibdir. Amma hazırda Cənubi Qafqazın əsas problem Dağlıq Qarabağ konfliktidir. İndi Cənubi Qafqaz region olaraq yumruğu bir yerə vurmur. Səbəb Dağlıq Qarabağ münaqişəsi və bir qədər də gürcülərin ermənilərlə xırda problemlərdir. Cənubi Qafqazda bütün tərəflərin fikirlərini cəmləşdirmək üçün Qarabağ problem həll edilməlidir. Fikrimcə, Rusiya və İranı zəiflətmək üçün ABŞ Cənubi Qafqazı öz tərəfinə çəkmək üçün addımlar atmaq istəyir. Amma Cənubi Qafqazın bütöv olması üçün Qarabağ konfliktinin həlli zəruridir. Bu mənada bəlkə də Qarabağ probleminin həlli ABŞ üçün maraqlıdır.
- Bu həftə aydın oldu ki, ABŞ Konqresinə iki qanun layihəsi daxil olub. Hər iki qanun layihəsi prezident Trampın nüvə silahından istifadə etməsini qadağan etməyi nəzərdə tutur. Nədən Konqres hər addımda Trampın qarşısını kəsməyə çalışır?
- Bir həftə əvvəl Konqresdə qanunvericilik səviyyəsində ABŞ prezidentinə NATO-dan çıxmaq qadağası qoyulub. Siz dediyiniz məqam da bu qadağa ilə eyni xarakterdədir. Tramp peşəkar siyasətçi deyil. Bəzən müqayisə edib deyirlər ki, Reyqan da aktyor idi və prezident oldu, həm də uğurlu prezident hesab olunur. Ancaq Reyqan prezident olmazdan əvvəl iki müddətə qubernator olub, üstəlik iki dəfə də prezident seçkilərində iştirak edib. Reyqanın əvvəli aktyor olsa da, sonradan ciddi şəkildə peşəkar siyasətlə məşğul olub. Ancaq Tramp peşəkar siyasətlə heç vaxt məşğul olmayıb. Yəni peşəkar siyasətçinin hərəkətlərini proqnozlaşdırmaq mümkündürsə, Trampın atacağı addımları proqnozlaşdırmaq mümkün deyil. Odur ki, Konqres ölkəni Trampın ata biləcək qeyri-populyar addımlardan sığortalayır.