2 Fevral 2019 13:55
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab prezidentin Gənclər Forumundakı çıxışı, bundan başqa bir qrup gənclə fərdi görüşü dövlət rəhbərinin gəncliyin inkişafına, gənclərin problemlərinin həllinə diqqətini göstərir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Gününə həsr olunmuş Respublika Toplantısında gənclərlə görüşü barədə Teleqraf.com-a danışan millət vəkili Aydın Mirzəzadə belə deyib.

Onun sözlərinə görə, bundan əvvəl də gənclər məsələsi siyasi hakimiyyətin diqqətində olub:

“Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratması, cənab prezidentin özünün gənclər hərəkatında iştirak etməsi Azərbaycan dövlətinin gənclərlə bağlı uzunmüddətli və strateji bir siyasətinin olduğunu göstərir. Cənab prezidentin gənclərlə görüşündəki çıxışında öz həyatından misal çəkməsi, bu gün gənclərlə bağlı görülən işlərdən danışması onun gənclər məsələsini diqqətdə saxladığının göstəricisidir.

Həmçinin gənclər auditoriyası qarşısında Azərbaycanın taleyüklü məsələlərindən, ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən bəhs etməsi gənclərimizi tariximizi dərindən öyrənməyə, milli dəyərlərimizi qorumağa çağırışı kimi qiymətləndirmək olar.

Prezidentin toplantıda şəhid zabitimizin oğlu ilə səmimi görüşü, bir qrup gəncimizin dövlət mükafatları ilə təltif edilməsi bir daha göstərir ki, dövlətçiliyimizin inkişafına töhfə verən hər bir fəal gənc, Azərbaycan vətəndaşı dövlət tərəfindən əməyi qiymətləndiriləcək”.

Aydın Mirzəzadə hesab edir ki, Gənclər Forumunda Ukraynada öz həyatlarını riskə ataraq, bir ailəni xilas edən azərbaycanlı gənclərin mükafatlandırılması da xüsusi hadisə idi:

“Prezidentin onları mükafatlandırarkən, “Siz Azərbaycanı dünyaya ən yüksək formada tanıtdınız” deməsi bir daha göstərdi ki, nəinki Azərbaycanda, ölkəmizdən kənarda da fəaliyyət göstərən gənclərimiz dövlətin diqqətindədir.

Prezident onların Azərbaycan xalqını yüksək formada təmsil etməsinə dəyər verdiyini nümayiş etdirdi. Bir şeyi də unutmamaq lazımdır ki, gəmin gənclər ulu öndərin və cənab prezidentin hakimiyyəti dövründə Azərbaycan mühitində yetişiblər. Onlar Azərbaycan xalqına xas olan ən müsbət keyfiyyətləri bu cəmiyyətdən götürüblər ki, xaricdə bizi layiqli şəkildə təmsil edə bilirlər.

Prezidentin Gənclər Forumunda çıxışı və onun dövlətçiliyimizlə bağlı fikirlərini gənclərlə bölüşməsi, ayrı-ayrı gənclərlə fərdi görüşü bir daha sübut edir ki, Azərbaycanın siyasi hakimiyyəti və dövlət gənclərlə bağlı problemləri diqqətdə saxlayır, gəncliyin Azərbaycan xalqına xas olan müsbət keyfiyyətlərlə yetişməsində çox maraqlıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Gününə həsr olunmuş Respublika toplantısında iştirak edib. Dövlət başçısı gənclərlə görüşündə Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısı, gənclərin cəmiyyətdə yeri və rolu kimi məsələlər haqda önəmli mesajlar verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər