Teleqraf.com “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi, politoloq Elçin Şıxlı ilə müsahibəni təqdim edir.
- Elçin müəllim, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxışını daha çox sosial-iqtisadi problemlər və onların həlli yolları üzərində qurmasını mütəxəssislər təəccüblə qarşılayıb. Sizcə, nədən Putin bu dəfə diqqəti sosial problemlərə yönəltdi?
- ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyaların müəyyən nəticələri var, iqtisadiyyatda problemlər yaranıb. İqtisadi sistem SSRİ iqtisadi sistemindən az fərqlənir, iqtisadiyyatda aparıcı rol dövlətə məxsusdur. Üstəlik son dövrlər prezident Putinin reytinqi aşağı düşüb. Görünür, Putin də xalqın eşitmək istədiyini, gözləntilərini deyir. Ancaq fikir verin, son vaxtlar Rusiyada əmək pensiyaları, məvacibləri cüzi artırılır. Lakin Rusiya İrana atom elektrik stansiyasının tikintisi üçün 5 milyard dollar kredit ayırmağa hazırlaşır.
Rusiya bir xeyli vəsaiti Ukraynadakı işinə ayırır, habelə böyük pullar Suriyadakı hərbi əməliyyatlara gedir. Rusiya Ermənistanı saxlayır, Abxaziya və Osetiyanı saxlayır. Bunlar da, daxildə problemlər yaradır və Putinin reytinqi aşağı düşür. Putinin reytinqinin yüksək olması onunla bağlı idi ki, daxildə sosial-iqtisadi durum pisləşən kimi Kreml xaricdə özünə düşmən tapırdı. Son düşmən Ukrayna oldu. Krım ilhaq olundu və rus milləti Putinin başına and içməyə başladı. Ancaq görünür ki, indi yeni xarici düşmən tapmaq imkanı yoxdur və buna görə də reytinqi aşağı enib. Bu səbəbdən də çalışır ki, sosial problemlərə diqqəti artırsın. Beləcə rus xalqına mesaj verir ki, mən sizi də düşünürəm. Amma hələlik ortada bir şey yoxdur.
- Rusiya lideri silahlanmadan danışarkən deyib ki, ABŞ-ın orta mənzilli raket anlaşmasından imtina edib, amma Rusiya ilk addımı atmayacaq. ABŞ belə xarakterli raketləri yerləşdirməklə nə etmək istəyir?
- Mən bunu ciddi cavab hesab etmirəm. Rusların iqtisadi imkanı olsaydı dərhal bu addıma cavab verərdi. Sözsüz ki, Rusiya yeni silah sınaqdan keçirə, yeni raketlər, yeni texnologiyaya uyğun silahlar yarada bilər. Amma söhbət ondan gedir ki, Rusiyanın alimləri, mütəxəssisləri var, lakin belə silahlardan bir və ya iki nüsxə yarada bilərlər. Pulları buna çatır. Bu silahlarla hərbi sənayesini zənginləşdirmək üçün Rusiyanın böyük iqtisadi gücü yoxdur. Bunu etmək üçün ya Rusiya əhaliyə verməli olan maliyyəni hərbi silahlara istiqamətləndirərək iqtisadiyyatını bir qədər də çökdürəcək, ya da hədə-qorxu gəlir. Bir daha qeyd edirəm ki, Rusiyanın müasir silahları var, amma onlar 2-3 nüsxədir. İş edən sakit şəkildə bunu görür, daha hədə-qorxu gəlmir.
- Ancaq “Avanqard” döyüş blokunun yaradılması və gücündən danışan Putin bildirir ki, öz əhəmiyyətinə görə bu silah ancaq yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə oluna bilər...
- Əslində Rusiya hər zaman silahlar haqqında yüksək danışır. “Avanqard” blokunu yaratmaq imkanı var. Çünki Rusiyanın bunun üçün elmi potensialı da var. Hətta belə silahın ortaya çıxması üçün pulu da var. Lakin bu silahın təhlükəli həddə çatdıracaq qədər istehsal edilməsinə pulu yoxdur. Bir daha qeyd edim ki, bunun üçün ya ruslar cibində olub-qalan pulunu hərbi-sənaye kompleksinə qoyaraq acından ölməlidir, ya da bir seriya raket düzəldərək hay-küy salmalıdır. Nəzərə alın ki, Rusiyada iqtisadiyyat demək olar ki, işləmir və sanksiyalar da onlara zərbə vurur. Rusiyanın əsas gücü, gəlirləri hərbi silahların satışıdır. Dünya silah bazarında Rusiya ilk yerləri tutur. İndi ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalardan sonra “rus silahını kimsə ala biləcəkmi” sualı da ortaya çıxıb.
- Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin ABŞ-ın növbəti sanksiya dalğasının Rusiya iqtisadiyyatında şok effekt yaradacağı haqda xəbərdarlıq edib. Bu nə dərəcədə mümkündür?
- Təbii ki, bu mümkün və realdır. Söhbət ondan gedir ki, müasir Rusiyanın iqtisadi sistemi sovet iqtisadi sistemindən çox az fərqlənir. Heç nə dəyişməyib. İqtisadiyyat ancaq təbii sərvətlərin üzərində qurulub. Xammal satıb ölkəyə valyuta qazandırmaq, budur müasir rus iqtisadiyyatı. İqtisadi sistemin özü çox zəifdir. Ona görə də, sanksiyalar ciddi şok yarada bilər. Sanksiyalarda Rusiyadan qazı az almağa, rus layihələrində iştirak etməməyi, onlarla əməkdaşlıq etməməyi nəzərdə tutur. Bunun da nəticəsi pis olur.
- Sizcə, Rusiya silahlanma siyasətinə ağırlıq verəcək, yoxsa SSRİ-nin acı təcrübəsindən nəticə çıxararaq başqa xətt seçəcək?
- Rusiyanın böyük qonşumuz olduğunu nəzərə alaraq istərdim ki, silahlanma yolunu tutmasın. İqtisadiyyatını köklü şəkildə dəyişdirsin və normal müasir iqtisadi modellərdən istifadə etsin, heç kimə hədə-qorxu gəlməsin. Bu həm Rusiya, həm dünya, həm də regionumuz üçün müsbət hadisə olar. Mənim fikrimcə, Rusiya hədə-qorxu gəlməklə öz nüfuzunu qorumağa üstünlük verir və bu əslində yanlış yoldur. Amma Rusiya normal, iqtisadi cəhətdən cəzbedici ölkə olsa çalışıb qurmaq istədiyi Avrasiya Bloku, Gömrük İttifaqı və digər birliklərə ehtiyacı olmaz. Üstəlik bu halda Rusiyanın işləri daha yaxşı gedəcək.
Mən istərdim ki, Rusiya silahlanma yolunu tutmasın. Amma buna inanmıram. Heç nə dəyişməyib. İmperiya düşüncəsi hakimdir. Başa düşmək istəmirlər ki, dünya dəyişir və imperiya olmaq istəyənlər iqtisadi və demokratik baxımından cəzbedici olmalıdır. Daha hədə-qorxu və top-tüfənglə qorxutmaq XXI əsrdə işləmir.