Ermənistanın xarici siyasəti bu ölkənin özünün yaratdığı problemlərə görə dalana dirənib. Sadəcə Ermənistan Azərbaycan ərazisini işğal edərək, digər qonşularına ərazi iddiaları irəli sürərək, regionda onunla həmsərhəd olan ölkələrlə problemli münasibət quraraq özünü elə bir vəziyyətə salıb ki, mütləq hansısa bir dövlətə bağlı olaraq varlığını sürdürmək istəyir.
Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, siyasi ekspert Araz Aslanlı deyib.
O qeyd edib ki, Ermənistanın uzun müddət Rusiyadan asılılığı, xarici, təhlükəsizlik və iqtisadi siyasətini şimal qonşumuzun himayəsi altında qurmasının kökündə əslində Ermənistanın özünün işğalçılıq siyasəti dayanır:
“Bu mənada Ermənistanın hakimiyyət dəyişikliyindən sonra guya Qərbə doğru yönəlməsi, Rusiyadan uzaqlaşması uğursuzluğa düçar olmağa məhkumdur. Yəni, ölkə öz paytaxtından idarə olunmadığı, lobbilərin və xarici dövlətlərin təsirləri həddən artıq çox olduğu üçün ya Rusiyaya, ya da ondan qopub başqa ölkəyə bağlı olmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, əgər Ermənistan normal dövlət olsaydı, belə bir məcburiyyəti olmamalı idi. Amma özü-özü üçün, qonşuları üçün problemlər yaradan dövlətlər o cür siyasət qura bilmirlər. Ətrafındakılar üçün problemlər yaradır, mütləq başqa bir güclə bağlı olaraq varlığını davam etdirmək ehtiyacı hiss edir. Bu mənada Ermənistan istəyir ki, Qərbə də müəyyən inteqrasiya olsun, ABŞ-la münasibətlər daha da yaxşılaşsın, amma dərhal başqa məsələ – Suriyaya Ermənistanın humanitar yardım göndərməsi məsələsi ortaya çıxdı. İndi buna humanitar yardım deyirlər. Amma aydın məsələdir ki, bu, humanitar heyət deyil. Onun tərkibində hərbçisi də, qeyri-hərbçisi də var. Minaaxtaran və digərləri də var. Yəni, o heyət onsuz da Suriyadakı proseslərin taleyinə təsir etməyəcək. Emənistandan gedən 83 nəfərlik qrup Suriyadakı proseslər, bu proseslərin gələcəyi baxımından heç nəyi dəyişdirəsi deyil. Amma çox güman ki, şimal qonşumuzun özünün xüsusi istəyi idi ki, Ermənistanın orada iştirakı ilə İrəvanın əslində hara bağlı olmasını göstərsin. Bunun ABŞ-da narazılıq yaratması təbiidir”.
A.Aslanlının sözlərinə görə, işğalçılıq siyasəti bu gün Ermənistanı elə bir vəziyyətə salıb ki, o, proqnozlaşdırılmayan problemlərlə çox qarşılaşır:
“Gah elə görünür ki, Rusiya ilə münasibətlərdə çox irəlidədirlər. Amma gah da Rusiya ilə münasibətlərdə böhran nöqtələri yaşanır. Gah elə görünür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan üçün qoruyucu bir zirehdir, gah da bu təşkilatda çox böyük problemlərlə qarşılaşır. Eləcə də Avropa İttifaqı ilə münasibətlərdə biz bunu görmüşük. İndi isə ABŞ-la münasibətlərdə görürük. ABŞ-la münasibətlərdə daha böyük problemlərlə qarşılaşa bilərdilər. Sadəcə birincisi, ABŞ-dakı erməni lobbisi buna imkan vermir, ikincisi ABŞ-ın Ermənistanla bağlı müəyyən digər maraqları var ki, bu imkan vermir. Əgər sırf Ermənistanın öz siyasəti ilə ölçə bilsəydik, yəni lobbini və xüsusi maraqları bir kənara qoya bilsəydik, İrəvan daha fərqli, daha ciddi problemlərlə də qarşılaşa bilərdi. Ermənistan öz işğalçılıq siyasətinə, qonşularına olan aqressiv münasibətinə görə manevr imkanları məhduddur. Manevr etməyə çalışanda daha böyük, daha fərqli problemlərlə qarşılaşır. Bu, Ermənistan üçün qaçılmazdır”.
Qeyd edək ki, rəsmi Vaşinqton Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini təxirə salıb. Buna səbəb olaraq Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir.
Rəsmi İrəvan Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də ABŞ Dövlət Departamenti hələlik bunları yetərli saymır. Məlumata görə, Z.Mnatsakanyanla ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub, amma bu da vəziyyəti dəyişməyib. “Hraparak” qəzeti yazıb ki, Ermənistan tərəfi xarici işlər nazirinin Vaşinqtona səfərini və ABŞ rəsmiləri ilə görüşləri çoxdan gözləyir və buna hazırlığa xeyli vaxt sərf edibmiş.
Onu da qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.