“Azərbaycan imzaladığı fərman əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir və bu yöndə aparılan islahatların tərkib hissəsidir”.
Bu sözləri Teleqraf.com-a Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman haqda danışan millət vəkili Fəzail İbrahimli belə deyib.
Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əhalinin sosial təminatının yüksəldilməsinə xidmət edən sərəncam və fərmanlar bu günədək bu sahədə yığılıb qalmış problemləri yoluna qoyacaq:
“Maaşların artırılması, şəhid ailələrinə birdəfəlik yardımın ayrılması kimi məsələlər paket halındadır və bunlar aparılan islahatların tərkib hissəsidir.
Problemli kreditlər əhalinin diqqətində olan ən mühüm məsələlərdən biri idi. Bu, banklarla vətəndaşlar arasındakı münasibətlərin kəskinləşməsinə gətirib çıxarmışdı. Vaxtilə dollar ucuz olanda kredit götürənlər ciddi problemlərlə üzləşmişdilər, manatla olan kreditlərdə də problemlər ortaya çıxmışdı. Bunların hamısı kifayət qədər ciddi problemlər idi”.
Fəzail İbrahimli qeyd edib ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər davamlı formada aparılacaq: “Hesab edirəm ki, prezidentin bu sərəncamı kredit borcu olanların evinə bir rahatlıq gətirdi. Bu problemin çoxdan həll olunması gözlənilirdi. Buna görə də xalqın cənab prezidentdən razılığı var”.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.