Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistan baş nazirinin Brüsselə səfəri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.
Teleqraf.com-a daxil olan açıqlamada deyilir:
“Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər.
Danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Xatırladırıq ki, bu qərara əsasən, Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edirlər.
Yaxşı olardı ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin yeni təfsirini axtarmaq üçün lüğət improvizasiyalarına vaxtını sərf etməsin. İllər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil olan hər bir kəs münaqişənin həlli planının aydın şəkildə müəyyən olunduğunu bilir və bunu qəbul edir”.