8 Mart 2019 09:01
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqlarının keçirilməsi və danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı”nın imzalanması çox mühüm hadisədir. Nüvə silahına malik NATO ölkəsi ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq planının imzalanması sözsüz ki, ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu əməkdaşlığın tarixi kökləri var:

“Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından az sonra Böyük Britaniyanın hərbi ekspedisiyası general Uilyam Montqomeri Tomsonun rəhbərliyi ilə Bakıda olub, türk və Azərbaycan qoşunları Bakıya gələnədək burada öz təsirini qoruyub saxlamağa çalışıb. Amma ingilislər 70 il sonra müstəqil Azərbaycan Respublikasının yaramasını ağıllarına da gətirmirdilər. İndi isə iki ölkə arasında yeni əməkdaşlıq sahəsi yaranıb. Bu əməkdaşlıq sahəsi NATO ölkəsi ilə olan əməkdaşlıq sahəsidir. Azərbaycan uzun illərdir ki, NATO ilə əməkdaşlıq edir. Postsovet məkanındakı ölkələr içərisində alyansla Sülh Naminə Tərəfdaşlıq proqramı üzrə əməkdaşlıq edən ilk ölkələrdən biridir. Bunun əsasında Azərbaycan öz ordusunu NATO standartlarına uyğun surətdə yenidən qurmaqla bağlı öhdəlik götürüb. Bu məsələdə bizə Türkiyə Respublikası da çox böyük köməklik göstərdi. Hərbi məktəblərimiz və onun proqramı NATO standartlarına uyğunlaşdırıldı. Qoşun heyətində rəis və tabelikdə olan şəxslərin bir-birinə müraciət forması da NATO qaydalarına transformasiya edildi. Bir sözlə, Azərbaycanda NATO standartlarının bünövrəsi qoyuldu”.

Q.Hüseynli qeyd edib ki, indi isə hərbi əməkdaşlıq daha geniş sahələrə sıçraya, İngiltərə Azərbaycana müdafiə silahları sata bilər:

“NATO-da belə bir prinsip var ki, münaqişə tərəflərinə hücum silahları satmaq olmaz, amma hər halda ingilislərlə hərbi sahədə əməkdaşlıq etməklə onlardan müdafiə əhəmiyyətli, amma texnoloji cəhətdən xeyli qabağa getmiş silahlar əldə edə bilərik. Onsuz da Azərbaycanın güclü ordusu var və ölkəmiz silah almaq sarıdan çətinlik çəkmir. Amma NATO standartlarına uyğun silahların əldə edilməsi Azərbaycan üçün prinsipial əhəmiyyətə malikdir. Artıq bununla bağlı Almaniya ilə müəyyən razılaşmalar var, Fransa ilə danışıqlar aparılır. Yəni, bir sözlə Azərbaycan getdikcə NATO ölkələrinə açılır və onlarla ikitərəfli hərbi əməkdaşlıq telləri qurur. Mən əminəm ki, İngiltərə ilə əldə edilən bu razılaşma da ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olacaq, gələcək hərbi əməkdaşlığın yeni sahələrini yaradacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər