Müxalifət dediyimiz düşərgə özünü demokratik, çağdaş dünyanın prinsipləri ilə ayaqlaşan düşərgə hesab edir. Əli İnsanovsa təklif edir ki, ailə-məişət mövzularında nəinki mühafizəkar olaq, həm də oğru qanunları ilə davranaq. Bu, ciddi bir təzaddır. Mənə elə gəlir ki, o, bu məsələyə xüsusi aydınlıq gətirməlidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.
Əli İnsanovun həbsdən çıxmasından sonra ilk yazını yazanlardan biri olduğunu söyləyən Rauf Arifoğlu sabiq nazirin həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətlə yanaşması və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsi faktına xüsusi diqqət ayırmadığını vurğulayıb: “Bu, hər bir şəxsin özünün seçimidir, həbsxanada ailəsi, yaxınları ilə görüş qrafikini özü müəyyən edə bilər. Doğrudan da Əli İnsanov həmin müddət ərzində ailə üzvləri ilə həbsxanada görüşməyib, bu da onun bir sıra keyfiyyətlərinin göstəricisidir. Lakin əgər bu insan ictimai fiqurdursa və hakimiyyətə gəlmək, yaxud müxalif düşərgəyə rəhbərlik etmək iddiasındadırsa, bir az fərqli davranmalıdır. Onun bütün keyfiyyətləri mütləq təftiş olunacaq. Bu baxımdan onun iddia etdiyi status və o cür davranış norması bir-birinə uyğun gəlmir. Əli İnsanov ailə-məişət münasibətləri, dar gündə ailə üzvlərinin bir-biri ilə davranış normalarını oğru qanunlarına görə təklif edirsə və bunu gələcəkdə Azərbaycana model kimi gətirmək istəyirsə, bu, böyük təhlükədir. Çünki həbsxanalar ayrı, cəmiyyət ayrıdır. Azərbaycanda isə biz açıq cəmiyyət olmasını istəyirik”.
Rauf Arifoğlunun fikrincə, belə bir şəxsin, ümumiyyətlə, siyasətə buraxılması risklidir: “Bu dəyərlərlə yaşayan insanın siyasətə, onun mərkəzinə gətirilməsi Azərbaycanda mövcud olan dəyərlərə münasibətdə türk irqi üçün müəyyənləşən əxlaq-davranış və ailə-məişət münasibətlərinə tamamilə ziddir. Çətin gündə türkün qadını da döyüşə qoşular, ərinin yanında, arxasında olar. O cümlədən, türmədə yatmış birisi kimi mən də deyirəm ki, dar gündə ailəmin nəinki mənəvi cəhətdən, həm də həbsxanada belə yanımda olduğunu hiss elədim, buna imkan verdim. O mərhələni mənimlə birgə yaşadılar və hesab edirəm ki, bu, ailəm, uşaqlarım üçün lazım idi. Bununla bağlı Əli İnsanovu qınayıram, təklif edirəm ki, bu məsələyə yenidən aydınlıq gətirsin. İzahat versin, bu, onun ailə-məişət münasibətlərinə baxışıdırmı, Azərbaycana bu modelimi təklif edir? Bilirsiniz ki, ümumiyyətlə, oğruların ailəsi olmur, özünü “siyasi oğru”mu hesab edir, yoxsa sadəcə həyəcanlı anda bir anlıq hissə qapılıb belə deyib. Buna xüsusi aydınlıq gətirilməsində fayda var”.
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, ölkədə qalmaq və siyasətlə məşğul olmaq hər bir Azərbaycan vətəndaşının, o cümlədən, Əli İnsanovun konstitusion hüququdur.
Siyasətdən heç vaxt uzaqlaşmadığını deyən Əli İnsanovun oğruların qanunlarına hörmətdən danışmasına gəlincə, Pənah Hüseyn hesab edir ki, ailə istər mənsub olduğumuz dini, istərsə yaşadığımız müasir bəşəri dəyərlər, eləcə də Azərbaycanın milli əxlaq və şüuru baxımından cəmiyyətin əsası kimi qəbul olunur və müqəddəsdir: “Azərbaycan vətəndaşı, müsəlman, bir insan olaraq mən bu qayda və qanunlarla yaşayıram. Bizim dəyərlərimiz bundan ibarətdir. Digərləri hansı dəyərləri özləri üçün əsas götürürsə, bu, artıq onların işidir. Ümumiyyətlə isə düzdür, hörmətli Əli müəllimin dediyi sahəyə o qədər bələd deyilik, amma məncə, akademikin dediyi aləmdə də elə bir qanun yoxdur”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində verdiyi əfv sərəncamı ilə azadlığa buraxılan Əli İnsanovun həbsdən çıxandan sonra verdiyi ilkin açıqlamalar birmənalı qarşılanmayıb.
O, həbsdə olduğu 14 il müddətində ailəsi ilə görüşməməsini oğru qanunlarına hörmət etməsi ilə əsaslandırıb. Siyasətlə məşğul olacağını söyləyən Əli İnsanovun cinayətkar dünyanın qaydalarına hörmətdən danışması müzakirələrə səbəb olub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya açıqlamasında bildirib ki, Əli İnsanovun siyasətdə qalacağını deməsi çox normaldır: "Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı bir siyasətçi üçün sadəcə biabırçılıqdır".