“Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verdi. Bundan sonra qızı Dariqa Nazarbayeba parlamentin sədri seçildi. Əslində bu seçim əvvəldən gözlənilən idi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin sözlərinə görə, yeni seçkilərin keçirilməsi üçün Qazaxstanın hələ iki il zamanı var:
“Yeni spiker isə prezident kürsüsünə hər kəsdən bir addım daha yaxındır və seçkiyə qədər özünü daha da inkişaf etdirməyə kifayət qədər zamanı və potensialı var.
55 yaşında olan Dariqa Nazarbayeva əslində bu posta yüksəlmək üçün o qədər də əziyyət çəkmədi. Onun siyasi fəaliyyəti “Bobek” Yardım Fondundan başlayıb, bir müddət Qazaxstan Dövlət Teleradio Şirkətinə başçılıq edib, 2007-ci ildə isə “Arsa” Partiyasından millət vəkili seçilib, 2012-ci ildə Qazaxıstan parlamentinin sədr müavini, 2015-ci ildə isə baş nazirin müavini postuna kimi yüksəlib.
Başqa sözlə, Dariqa Nazarbayeva Nursultan Nazarbayevin apardığı kursu davam etdirməyə ən real namizəddir”.
Ramiyə Məmmədova qeyd edib ki, Dariqa Nazarbayevanın, yaxud başqa birinin Qazaxıstanda hakimiyyətə gəlməsi bu ölkənin Azərbaycanla münasibətlərində dəyişikliyə səbəb olmayacaq:
“Qazaxıstan Azərbaycan üçün həmişə dost və müttəfiq ölkə olub. Bu iki dövlət MDB məkanında hər zaman sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq həm iqtisadi, həm də siyasi sahələri əhatə edir.
Qazaxıstan öz neftini Azərbaycan üzərindən Avropaya tranzit edir, həmçinin İpək Yolu vasitəsilə də, nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıq edir. Bu gün Qazaxıstandakı hakimiyyət dəyişikliyinin Azərbaycanla münasibətlərə mənfi təsir edəcəyini düşünən Ermənistan səhvə yol verir.
Bu, Ermənistan rəhbərliyinin reallıqdan uzaq olduğunu göstərir. Çünki Qazaxıstan üçün Azərbaycan, eləcə də Türkiyə həm qardaşlıq, həm partnyor, həm də türk milləti anlayışı altında bərabərlik deməkdir”.