8 Aprel 2019 15:40
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Fikrət Sadıqovla müsahibəni təqdim edir:

- Vyana görüşündən sonra Ermənistan tərəfindən baş nazir və müdafiə naziri səviyyəsində yeni təhdidlər səsləndi. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov isə hər an döyüşlərə başlaya biləcəyimizə dair bəyanat verdi. Vyana danışıqlarından sonra müharibə riski nə qədərdir?

- Müharibə riski həm Vyana görüşündən əvvəl, həm də görüşdən sonra kifayət qədər yüksəkdir. Reallıq odur ki, Paşinyan məcburiyyət qarşısında qalaraq Vyanaya getdi və təzyiq altında masa arxasında əyləşdi. Ermənistana həmsədrlər, Rusiya, Avropa İttifaqı, həm də Azərbaycan tərəfindən təzyiqlər edildi. Paşinyan sərsəm şüarlarla bəyanatlar verərək, hansısa üçüncü tərəfin iştirakını təklif edirdi. Amma alınmadı. Bizim hərbi potensialımız yüksəkdir, onların bəyanatlarına ritorik yox, konkret əməli cavabların verilməsinə hər an hazırıq.

- Paşinyanın dünənki çıxışlarından belə görünür ki, format dəyişikliyi təklifi hələ də qüvvədədir...

- İş burasındadır ki, onun format dəyişikliyi təklifi birmənalı şəkildə qəbulolunmazdır. Bir sıra ölkələr bunu istəsə də, Azərbaycan heç vaxt razı olmayacaq. Hərçənd hazırda bizim mövqeyimizlə dünya birliyinin mövqeyi üst-üstə düşür. Hətta onlara müttəfiq olan Rusiya da bu formatın dəyişilməsi ilə razı deyil. Bəlkə də bu amil onları qıcıqlandırır. Müxtəlif ziddiyətli bəyanatlar verir, diaspor nümayəndələri ilə görüşəndə Azərbaycan əleyhinə aqressiv ifadələr səsləndirirlər. Bütün bu addımlar faktiki olaraq onların zəifliyinin göstəricidirlər. Başa düşürlər ki, məcburiyyət qarşısındadırlar, işğalçıdırlar, gec-tez bu məsələni həll etmək lazımdır. Bu bəyanatlar diqqəti əsas məsələdən yayındırmaq xarakteri daşıyır.

- Ermənistan tərəfi Vyana görüşünə təzyiq altında gəlib müzakirə aparır, görüş başa çatar-çatmaz isə yeni torpaqların ələ keçirilməsi kimi iddialarla çıxış edir. Tonoyan yeni açıqlama verərək, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlaması ilə bağlı fikirlər irəli sürüb. Ermənilərin təxribatçı bəyanatlarını hansı formada neytrallaşdırmalıyıq?

- Bu cür sərsəm bəyanat növbəli şəkildə səsləndirilir. Ya baş nazir, ya da müdafiə naziri çıxış edir. Tonoyan ABŞ-da diaspor qarşısında demişdi ki, “yeni Azərbaycan torpaqlarını işğal etməyə hazırıq”, qayıdandan sonra isə söyləyir ki, Azərbaycan öz ordusunu sülhə hazırlamalıdır. Yeni torpaqlarımızı işğal etmək istəyirlər, digər tərəfdən bizim hərbi qoşunlarımızın sülhə hazırlanmasını məsləhət görürlər. Bunlar qeyri-peşəkar, siyasətdən uzaq, beynəlxalq hüquq normalarına zidd fikirlərdir.

Bizim hərbi potensialımız gündən-günə yüksəlir, hazırlıq görürük. Bir şeyə də diqqət yetirək, Ermənistanda hələ hakimiyyət tam formalaşmayıb. Bir tərəfdən keçmiş Qarabağ klanının nümayəndələri Paşinyana qarşı çıxış edir, digər tərəfdən Moskva, Vaşinqton və Brüssel arasında çabalayırlar, hətta parlamentin özündən də Azərbaycanla danışıqların məzmununun açıqlanması tələb edilir, Azərbaycanı təslim olmaqda günahlandırırlar.

Bunların hamısı ona işarə edir ki, Paşinyan və onun ətrafı hələ tam ölkəyə nəzarət edə bilmirlər. Başa düşürlər ki, digər ölkənin torpaqlarını işğal ediblər. Daxildə olan təhlükələri yatırtmaq, bir sıra dairələri - həm tərəfdarlarını, həm ictimaiyyəti, həm də onlara qarşı çıxış edən müxalif qüvvələri sakitləşdirmək üçün belə bəyanatlar verirlər.

- Ermənistanla Rusiya arasında gərginlik proseslərə necə təsir göstərəcək?

- KTMT-nin baş katibini çağırıb cinayət işi açılması tələbi qoyuldu, Paşinyan çox istəyirdi ki, KTMT üzvləri Ermənistana dəstək verib Azərbaycana qarşı çıxış eləsin. Bu da alınmadı. Hətta onun yaxın müttəfiqləri həm Rusiya, həm də Belarus faktiki olaraq ona başa saldılar ki, sən digər dövlətin torpaqlarını işğal etmisən, güzəştlər et. Paşinyan Qazaxıstan, Rusiya, Belarusla münasibətləri xeyli gərginləşdirdi, ziddiyyətlər var, bir sıra məsələlərdə mövqeləri üst-üstə düşmür. Mənə elə gəlir ki, bizim diplomatiyamız bu məqamlardan istifadə etməlidir.

Ermənistana qarşı daha böyük güclə hücumedici addımlar atmalıdır. Əgər Ermənistan rəhbərliyi çabalayırsa, onlara təzyiqləri daha da artırmaq lazımdır. Biz heç vaxt torpaqların əbədi olaraq işğal altında olmasına razılaşa bilmərik. Hesab edirəm ki, Paşinyan bunu dərk edir və bu vəziyyətdən çıxış yolları axtarır. Çıxış yolu nə qədər tez tapılsa, bu, Ermənistanın özü üçün yaxşı olacaq. Paşinyanın təbirincə desək, iqtisadi inqilab etmək istəyirlərsə, başa düməlidirlər ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, münasibətləri bərpa etmək lazımdır. Əks halda onların taleyi acınacaqlı olacaq.

- Azərbaycanın müdafiə nazirinin döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə etdiyimizə dair fikirlərindən sonra ölkəmizdə Türkiyə hərbi bazasının yaradılması yenidən gündəmə gətirib. Bunu mümkün sayırsınızmı?

- Əslində vaxtilə buna qarşı çıxış edən Rusiya idi. Rəsmi Moskva Türkiyənin Azərbaycanda hərbi bazalarının açılmasından narahat idi. Amma hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər xeyli yaxşılaşıb və yaxınlaşma müşahidə olunur. Hətta Türkiyə Rusiyadan ən müasir silahlar alır. Bu, ABŞ-ı qıcıqlandıran amilə çevrilib. Düşünürəm ki, bu da bizim siyasi prioritetlərimizin bir amilidir. Türkiyənin Azərbaycanda hərbi bazasının açılmasını istisna etmirəm.

- Xarici işlər nazirimiz Elmar Məmmədyarovun “Mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” deyə Ermənistana xəbərdarlığını necə qiymətləndirirsiniz?

- Güclü diplomatik hücumedici addımlarımızı atsaq da, bu məsələdə razılıq əldə olunmasa, təbii ki, söz hərbçilərin olacaq. Biz ritorik ifadələrlə kifayətlənmirik, 2016-cı ilin aprel döyüşləri göstərdi ki, bizim iradəmiz, gücümüz, hərbi potensialımız, həm də səbrimiz var. Səbr elə bir şeydir ki, müəyyən mərhələdə tükənir, bunu İrəvanda dərk etməlidirlər.


Müəllif: Nərgiz

Oxşar xəbərlər