13 Aprel 2019 17:10
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna seçkilərində hansı namizədin qalib gəlməsindən çox demokratiyanın qələbəsi əhəmiyyətlidir. Ukraynanın milli təhlükəsizlik problemlərinin həlli, ölkənin Avropa Birliyinə və NATO-ya inteqrasiyası kimi vacib məsələlər ilk növbədə demokratiyanın baş tutmasından asılıdır. Demokratiya üçün isə azad və ədalətli seçkilər vacibdir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Ukraynada aprelin 21-də keçiriləcək prezident seçkilərinin ikinci turu haqqında danışan politoloq Sülhəddin Əkbər deyib.

Politoloq deyib ki, Ukraynada böhran və onun ardınca gələn inqilablar adətən seçkilərlə bağlı olub:

“Ukrayna indiki şəraitdə, yəni Krımın Rusiyaya ilhaqı və Donbasın bir hissəsinin işğalından sonra yeni inqilaba risk etməməlidir. Çünki bunun Ukrayna və ukraynalılar üçün ağır nəticələrini görməmək mümkün deyil. Mənə elə gəlir ki, Poroşenko, onun tərəfdarları, eləcə də Ukraynada demokratiyadan yana olan qüvvələr bunu anlayır.

Həmçinin Ukrayna demokratlarının Avropa və Amerikada olan dostları da bu fikri onlara təlqin edir. Bu mənada Ukraynada önəmli olan kimin qalib gəlməsi yox, azad və ədalətli seçkilərin baş tutmasıdır”.

Sülhəddin Əkbərin fikrincə, indiki prezident Poroşenko bütün dövlət resurslarından istifadə etməyə və mövqeyini qoruyub saxlamağa cəhd edəcək: “Amma real vəziyyət onun əleyhinədir. Bütün ukraynalı ekspertlər də hesab edir ki, birinci turda olan böyük səs fərqini ortadan qaldırmaq qeyri-mümkündür. Aydındır ki, siyasətdə hər şey mümkündür.

Seçkidə 7 faiz səs fərqi kritik hədd hesab olunur. Lakin Poroşenko ilə Vladimir Zelenski arasında birinci turda 15 faizlik səs fərqi olub. İkinci tur seçkilərdə Poroşenkonun ehtiyat resursu çox dar, onun əleyhinə olan elektorat isə böyükdür. Demək olar ki, Ukrayna seçicilərini yarısı, bəzi hallarda isə yarısından çoxu seçkilərdə heç bir halda Poroşenkoya səs verməyəcəyini keçirilən sorğular vasitəsilə ifadə edib.

Doğurdan da, azad və ədalətli seçkilər keçiriləcəksə, ikinci turda Zelenskinin qalib gəlmə ehtimalı yüksəkdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər