16 Aprel 2019 11:52
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Trampın gözlənilmədən Ağ Evdə Türkiyənin maliyyə naziri və Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakı qəbul etməsi bir neçə nəsnədən xəbər verir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, ilk növbədə ABŞ-ın hazırki prezidenti əsl ticarətçi olduğundan Rusiyadan alacağı “S-400” raketlərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir:

“Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə “F-35” hərbi təyyarələrini satmaqdan imtina etsə, bu, Amerika üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir.

İkinci, Trampın Albayrakla görüşü “NATO Türkiyəni üzvlükdən çıxara bilər” şayiələrinə son qoydu. NATO-nun əsas dövləti ABŞ-dır. Vaşinqton “S-400” raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz, sadəcə Amerika “pis polis” və “yaxşı polis” rolunu oynayır. Pis polis rolunda çıxış edən Amerikanın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi: “Ya biz, ya da “S-400” raketləri”. Yaxşı polis olan prezident Donald Tramp isə türkiyəli nazirlə sıcak görüş həyata keçirdi”.

Elxan Şahinoğlu hesab edir ki, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta il içərisində Donald Trampın Ankaraya rəsmi səfəri də mümkündür:

“Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir.

Ankarada söhbət etdiyim ekspertlər Türkiyənin Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsi gərəkliyini bildirirlər. Çünki, bir çox türkiyəli diplomatın dilindən eşitdiyim ifadə var: “Rusiya ilə tərəfdaşlıq strateji deyil taktiki mahiyyət daşımalıdır”. Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri deyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər