26 Aprel 2019 20:45
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aprelin 26-da Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna Cənubi Qafqaz ölkələrindən Azərbaycan Prezidenti İlham Əliyev dəvət edilib. Çünki Azərbaycan gələcəkdə “Bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Çin dövlət başçıları arasında keçirilmiş görüşə diqqət çəkib:

“Təsadüfi deyil ki, Azərbaycan prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin belə bir ifadə işlədib: “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır”.

Çin lideri eyni zamanda “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Çin liderinin sözlərindən çıxan nəticə budur ki, Çin gələcəkdə Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daha çox mal daşımağı planlaşdırır. Rəsmi Bakı illərdir buna çalışır. Rəsmi Bakı Çinin Ələt limanından və Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəsini istəyir. Çin Azərbaycan üzərindən mallarının nəqlinə başlasa da, yüklərin həcmi hələ yüksək deyil. Pekin sanki bu marşruta bir az ehtiyatla yanaşır. Ancaq Çin liderinin son açqılamasından sonra Pekinin artıq Azərbaycanın nəqliyyat imkanlarından istifadəyə artıq qərar verdiyini söyləmək mümkündür. Çin mallarının 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşımağa qərar versə, bu həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsinə və Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. Bunun Azərbaycan üçün siyasi əhəmiyyəti də var. Azərbaycanın Avrasiya bölgəsindəki rolu artacaq”.

Elxan Şahinoğlu qeyd edib ki, İlham Əliyev Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşüb:

“Səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir.

İlham Əliyev səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüşdü. Prezidentlər iki ölkə arasında artan iqtisadi və ticarət əməkdaşlığından məmnun qaldıqalarını söylədilər. Ticarət mübadiləsi 2.5 milyard dollara çatıb. Bu görüşdə səslənən digər xəbər odur ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Bu sammitdə də əsas mövzulardan biri nəqliyyat xətlərinin istifadəsi olacaq. Ancaq bu görüş İran üçün ağır bir dövrə də təsadüf edəcək. ABŞ mayın 2-dən başlayaraq İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başlayacaq. Bu səbəbdən İran üçün qonşularla iqtisadi və siyasi əlaqələri gücləndirmək və birgə layihələrdə iştirak etməyin əhəmiyyəti artır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər