Əslinə qalanda biz düşünürük ki, insan ümumiyyətlə, törətdiyi əməllərə görə həbsdə yatırsa və bəlli bir müddət sonra əfv edilərək həbsdən çıxırsa, üstəlik bu insan yaşlı birisidirsə, qalan ömrünü daha sakit, daha sabit bir mühitdə keçirməyə üstünlük verməlidir. Eyni zamanda onu əfv edən şəxsin lütfkarlığının üzərinə də kölgə salmamalıdır. Amma Əli İnsanovun müsahibəsini dinləyəndə təəssüf hissi ilə bir daha əmin oldum ki, bu adam həqiqətən islah olunmayıb.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.
A.Həsrət deyib ki, faktiki olaraq həbsxana heç də Əli İnsanovun hikkəsinin azalmasına səbəb olmayıb:
“Cənab prezident böyüklük göstərdi, onu əfv etdi. Azadlığa çıxıb yaşlı bir insan kimi sakit həyat sürməsinə şərait yaratdı. “Amerikanın səsi” radiosuna müsahibəsində çox yekə iddialarla çıxış edir. Birincisi, korrupsiyaya qarşı mübarizədən danışır. Halbuki, adamın özü Azərbaycanda ən tanınmış, ən böyük korrupsionerlərdən biri olaraq həbsə düşmüşdü. Onun villasından, evlərindən tapılan külçə qızıllar, zinət əşyaları, eyni zamanda külli miqdarda pul vəsaiti bugünədək bizim gözümüzün qarşısındadır. Biz hamımız görmüşdük ki, bu adam korrupsiya yolu ilə külli miqdarda vəsait əldə edib. İndi bu adam durub korrupsiyaya qarşı mübarizədən danışır. Yaxud fikirlərini dolaşdırır. Həbsdən çıxanda buna görə Qərbə təşəkkür etmişdi. Demişdi ki, Qərb onun həbsdən çıxmasına yardımçı olubmuş. Bu gün isə müsahibəsində deyir ki, həbsdə olarkən, mənə dəstək vermiş müxalifət liderlərinə və onların tərəfdarlarına təşəkkür edirəm. Görürsünüzmü, qısa bir müddət ərzində fikirlərini qarışdırır. Ümumilikdə isə bu adamın səsləndirdiyi fikirlərin böyük əksəriyyəti cəfəngiyyatdan başqa bir şey deyil. Yəni, özü də bilmir ki, konkret olaraq nə istəyir. Ümumiyyətlə, nəyi hədəfləyir?! Sadəcə olaraq hikkəsindən ortalığı qarışdırmaq, nəsə danışmaq, demək fikrinə düşüb və durduğu yerdə özünü dolaşdırıb”.
A.Həsrət hesab edir ki, Ə.İnsanovun istər siyasi iddiaları, istərsə də ümumiyyətə, fikirləri heç bir ciddi ictimai rezonans doğuran deyil:
“Ümumiyyətlə, bu adamın arxasında hər hansı siyasi iddiası olan şəxs də gedən deyil. Sadəcə olaraq, bəlli bir dövrdə ortalığı qarışdırmaq üçün hədəf seçib. Lakin bilindiyi kimi, Azərbaycan xalqı kimin kim olduğunu hər halda yaxşı bilir. O cümlədən Əli İnsanovun ən böyük korrupsionerlərdən biri kimi həbsə düşdüyünü hələ heç kim unutmayıb. Ona görə də bu adam korrupsiya-filan adı altında, bu iddialarla çıxış edib ictimaiyyəti rəyi çaşdırmamalıdır”.