"Böyük müharibə böyük büdcə deməkdir və hərbi əməliyyatlar teatrına böyük zərbə qruplaşmasının cəmləşdirilməsini tələb edir. Hazırda ABŞ-ın bölgəyə göndərdiyi qüvvələr bu vəzifə üçün nəzərdə tutulmayıb. İran tərəfindən hər hansı təxribat xarakterli addımlar atılarsa, məsələn, bu ölkənin bölgədəki gücləri (“Hizbullah”, “Haşdi Şabi”, “Ənsərullah”, Suriyadakı könüllülər və s.) ABŞ hərbi və ya mülki personalına hücumlar etsələr, yaxud İran Hörmüz boğazını bağlamaq təhdidini reallaşdırmağa çalışsa, qısamüddətli lokal toqquşmalar mümkündür. (1988-ci ilin aprelindəki dəniz savaşı kimi.) “Abraham Lincoln” aviadaşıyıcısındakı qüvvələr və müşayiətçi gəmilər, eləcə də Qətərdəki ABŞ hərbi aviasiyası lokal hərbi tapşırıqlar yerinə yetirmək və İranı çəkindirmək üçün yetərlidir".
Teleqraf.com com xəbər verir ki, bu fikirlər siyasi şərhçi Şahin Cəfərliyə aiddir.
Onun sözlərinə görə, böyük müharibə o zaman ola bilər ki, İran öz nüvə proqramını bərpa etsin, bu halda ABŞ və İsrail hərəkətə keçəcək. Putinin İrana ünvanladığı “biz yanğınsöndürmə komandası deyilik və hər kəsi xilas edə bilmərik” bəyanatını Pompeo ilə görüşdən 1 gün sonra səsləndirməsi bu görüşdə İran məsələsinin ciddi müzakirə olunduğunu və ortaq nöqtələr tapıldığını söyləməyə əsas verir. İrana da, dünyaya da açıq mətnlə bildirildi ki, Tehran nüvə silahı proqramına qayıtsa, Moskva ona dəstək verməyəcək. Bu, o deməkdir ki, İrana qarşı əməliyyatın BMT TŞ səviyyəsində sanksiyalaşdırılması ehtimalı da var.
Ş.Cəfərliyə görə, hələlikTramp hökumətinin məqsədi sanksiyalar yolu ilə İranın iqtisadi iflasına nail olmaq və bunun paralelində Reyqanın “güc vasitəsilə sülh” (peace through strength) konsepsiyasına uyğun olaraq əzələ nümayişi ilə Tehranı masaya oturmağa məcbur etməkdir: "Sanksiyaların hədəfi həm də İranda həyatı dözülməz edib, əhalinin rejimdən narazılığını pik həddinə çatdırmaqla ölkə daxilində kütləvi etirazları körükləməkdir.
Hazırda İran, Çin, eləcə də Şimali Koreya və Venesueladakı rejimlər ABŞ-da seçki mübarizəsinin başlayacağı dövrə qədər dözmək və məsələləri mümkün qədər uzatmaq taktikası seçiblər. Kampaniya başladıqdan sonra Trampın bütün diqqəti seçkiyə yönələcək. Adətən seçki dövründə administrasiyalar radikal qərarların qəbulundan yayınır. İran ümidlidir ki, demokratların namizədi prezident seçilərsə, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planına geri dönəcək, çünki bu sənəd demokrat Obama dövründə imzalanıb. Pekin ümid edir ki, demokratların qələbəsi nəticəsində ABŞ Çinə təzyiq siyasətindən vaz keçəcək və əvvəlki liberal-qlobalist vizyon Ağ Evdə hakim olacaq. Şimali Koreya və Venesueladakı rejimlər də demokratların qalib gələcəyi təqdirdə, baş verəcəyi ehtimal olunan yumşalmadan ümidlidirlər".