“Cənab prezidentin ölkə daxilində ictimai-siyasi sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsi istiqamətində yürütdüyü daxili siyasət öz effektli nəticəsini verir”.
Bunu Teleqraf.com-a açıqlamasında, Yeddi Dövlət Bir Millət Konseyinin başqanı Azər Həsrət deyib.
Konsey başqanı Azərbaycan prezidentinin daxili siyasətinin milli həmrəyliyin möhkəmləndirilməsinə və ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə yönəlik olduğunu bildirib:
“Cənab prezidentin daxili siyasəti birmənalı şəkildə uğurlu qiymətləndirilə bilər. Azərbaycanda istər hakimiyyətlə xalq arasında, istərsə də xalqın öz daxilində qarşılıqlı anlaşma və sülh şəraiti mövcuddur, uzun illərdir bu belə davam edir. Bunun belə olmasının səbəbi məhz Prezident İlham Əliyevin özüdür. Prezidentin həmişə xalqla birbaşa əlaqəsi olub və olmağa davam edir.
İnsanların problemlərini şəxsən onların özləri ilə görüşərək öyrənməkdən çəkinməyib, əksinə buna üstünlük verib. İnsanları məşğul edən məsələlərlə şəxsən maraqlanıb, ən adi problemlərin həllində belə öz sözünü deməkdən çəkinməyib. Buna görə də, Azərbaycan xalqının cənab prezidentə və onun siyasətinə etimadı həmişə yüksək olub.
Belə vəziyyətdə Azərbaycan həm daxili sabitlik məsələsində, həm də qlobal müstəvidə özünün mövqelərini daha da möhkəmləndirir. Bu da Azərbaycan prezidentinin xalqın mənafeyinə xidmət edən siyasət yürütməsinin nəticəsidir. Azərbaycan xalqı bu faktorları nəzərə alaraq, cənab prezidentə dəfələrlə etimad göstərib, onu ölkənin başçısı seçib”.
Azər Həsrətin sözlərinə görə, bu gün Azərbaycan xalqının hər bir fərdi prezidentin siyasətinin arxasında qətiyyətlə dayanır:
“Əlbəttə, ortalığı qarışdırmaq və Azərbaycanda vətəndaş qarşıdurması yaratmaq istəyən qüvvələr də yox deyil. Amma xalqla prezident arasında çox sıx münasibətlərin mövcudluğu və xalqın prezidentə etimadının yüksək olması həmin qüvvələrin öz çirkin istəklərinə çatmasına illərdir mane olmaqdadır. Düşünürəm ki, bu uğurlu siyasətdir və dövlət olaraq Azərbaycanın sabit məcrada inkişaf etməsinə təkan verir”.