Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 27 may tarixində İtaliyaya səfəri çərçivəsində İtaliya Respublikasının Prezidentinin diplomatik müşaviri səfir Emanuela D’Alessandro, İtaliya Respublikasının Baş nazirinin diplomatik müşaviri səfir Pietro Benassi və İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Siyasi Məsələlər və Təhlükəsizlik Baş Direktorluğunun rəhbəri səfir Sebastiano Kardi ilə görüşlər keçirib.
Teleqraf.com-un xəbərinə görə, görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ötən müddət ərzində həyata keçirilmiş qarşılıqlı yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsinə töhfə verdiyi və qarşılıqlı səfərlərin dinamikasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan-İtaliya arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğundan, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı olmasından söz açılaraq növbəti illərdə bu əlaqələrin daha inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Habelə görüşlərdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti, bu dəhlizin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin tikintisi ilə bağlı işlərin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılmasının vacibliyi vurğulanaraq bu boru kəmərinin istismara verilməsinin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əlavə töhfə verəcəyi qeyd olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Hacıyev münaqişənin nizamlanması üzrə aparılan danışıqların cari vəziyyəti barədə məlumat verərək bu məsələdə ölkəmizin prinsipial mövqeyini qarşı tərəfin diqqətinə çatırıb.
Görüşlərdə habelə regional məsələlər, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, bu xüsusda İtaliyanın töhfələri, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin inkişafında rolu, Azərbaycan və İtaliya arasında humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.