“İrəvanda Ermənistanın Respublika gününə həsr olunmuş rəsmi bayram tədbirinə “DQR”-in başçısı Bako Saakyan qatılmayıb. Özü getməyib, yoxsa onu Paşinyan çağırmayıb? Burası bilinmir, amma fakt odur ki, getməyib. Onu “DQR”-in “parlament sədri” əvəz edib. Ayrıca, yaxın günlərdə azadlığa buraxılmış Robert Köçəryan öz tərəfdarlarıyla görüşlərə başlayıb. Paşinyanla “Qarabağ klanı” arasında gərginlik getdikcə güclənir və üzə çıxır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli deyib.
Paşinyanın sərbəst oyunçu olmağa çalışdığının aydın olduğunu deyən ekspertin fikrincə, Ermənistanın Rusiyadan önəmli dərəcədə asılılığı onun oyun sahəsini və imkanlarını çox daraldır:
“Üstəlik, “Qarabağ klanı” bütövlüklə Rusiyanın əlindədir, Rusiyanın əlinə oynayır. Rusiyanın əlində “İrəvan – Stepanakert” qarşıdurması Ermənistanın yeni rəhbərliyinin Azərbaycanla güman oluna biləcək yaxınlaşmasının qarşısını almaq üçün bir vasitədir. Ter-Petrosyanın devrilməsi, sonra da (Köçəryan dönəmində) Ermənistan parlament sədrinin, baş nazirin və daha bir neçə yüksək rəhbər şəxsin öldürülməsi, belə bir gümanın Rusiyada hər zaman ağılda tutulduğunu göstərir.
Paşinyan Rusiyadan müstəqil olmaq istəyirsə, gərək işğal olunmuş torpaqları Azərbaycana qaytarsın. Problem ondadır ki, işğal olunmuş torpaqlar Paşinyanın əlində deyil. Ermənistanın Qarabağdan, hətta Qarabağ məsələsindən asılılığı çox böyükdür və bu, Ermənistan üçün çox ağır yükdür”.
Erkin Qədirli qeyd edib ki, Nikol Paşinyan, hakimiyyətə gəldiyi ilk günlərdə erməni əsilli məşhur iqtisadçı alim Darem Acemoğlunu özünə iqtisadiyyat üzrə müşavir təyin edəcəyini söyləmişdi:
“Alınmadı. Acemoğlu nə edə bilərdi? İqtisadçı alim kimi torpaqların qaytarılmasını məsləhət görməli olacaqdı, çünki işğal Ermənistan iqtisadiyyatına çox baha başa gəlir. Üstəlik, işğal olunmuş torpaqlara yatırılan pullar “Qarabağ klanı” tərəfindən yeyilir. Yəni, korruspiyayla mübarizə üçün də torpaqların qaytarılması önəmlidir. Di gəl Acemoğlu belə bir məsləhəti vermiş olsaydı, pis erməni olacaqdı. Belə bir məsləhəti verməmiş olsaydı, iqtisadçı alim kimi nüfuzunu itirəcəkdi”.