“Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ali Şurasının Nur-Sultanda keçirilən sammiti çərçivəsində Vladimir Putinlə Nikol Paşinyanın əvvəlcə planlaşdırılan görüşü təxirə salındı. Putin ümumiyyətlə Paşinyanı qəbul etmədi. Bu, Putinin “Qarabağ klanı”na, xüsusən də Robert Köçəryana tam dəstəyi idi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Rusiya başçısı bu kimi tədbirlərdə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanı yüksək səviyyədə qəbul edirdi:
“Paşinyanla “Qarabağ klanı” arasında davam edən siyasi qarşıdurma fonunda Putinin bu görüşdən imtina etməsi erməni baş nazirinə birmənalı münasibətinin olmadığını göstərir. Göründüyü kimi Putin Paşinyanın daxili siyasətindən narazıdır və ona qarşı formalaşan “Qarabağ klanı”nı dirçəldir. Çünki Rusiya Ermənistanda baş verən inqilabın nəticələrini həzm edə bilmir və istənilən situasiyada Paşinyanı devirməyi planlaşdırır”.
M.Əsədullazadə bu ilin oktyabrında Putinin Ermənistana səfərini təxirə salacağını istisna etmir: “Kremlin bu gün Ermənistandakı əsas dayağı Robert Köçəryandır”.