Xəbər verdiyimiz kimi, Moldova Konstitusiya Məhkəməsi Prezident İqor Dodonu vəzifəsindən kənarlaşdırdıib və bəyan edib ki, bu vəzifəni müvəqqəti Pavel Filip yerinə yetirəcək.
Moldovada baş verən siyasi prosesləri Teleqraf.com üçün şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, burada nə rusların, nə də Qərb dövlətlərinin əli yoxdur. Onun fikrincə, Kişinyovda baş verənlərdə Qərb-Rusiya qarşıdurması meylləri yoxdur: “Əksinə, bəlkə də ilk dəfədir ki, Qərb və Rusiya bu məsələdə yekdillik nümayiş etdirir. Rusiyada oliqarx Plaxotnyuka qarşı cinayət işi açılıb. Moskvada oliqarx düşmən hesab olunur. Düşünülür ki, o qərbpərəstdir. Ancaq Qərb və Avropanın özündə də bu şəxsə münasibət birmənalı deyil. Qərbdə düşünürdülər ki, sosialistlərdən ibarət bir hökumət formalaşa və normal fəaliyyətə başlaya bilər. Moldovada illərdir ki, bu qarşıdurma müşahidə olunur. İndiki halda baş verənləri mən daha çox daxili amillərlə əlaqələndirərdim”.
Elxan Şahinoğlu xatırladıb ki, Plaxotnyuk ölkədə böyük imkanlara sahibdir: “Bu oliqarxın təsiri altında olan böyük partiyalar, siyasətçilər, media, ictimai qurumlar var. Bu səbəbdən də parlamenti nəzarətdə saxlaya bilir, məhkəmələrin bir hissəsinə də təsiri var. Qəribədir ki, bu şəxs hər zaman proseslərin kölgəsində olur. Yəni birbaşa siyasətə daxil olmur. Bir növ Gürcüstandakı İvanaşviliyə bənzəyir. Sadəcə, Gürcüstanda sabitlik var, amma Moldovada bu yoxdur. İndi görün nə vəziyyət yaranıbsa, Prezident İqor Dado xalqa müraciət edib ki, küçələrə çıxıb məni müdafiə edin. Bu mənada Moldovada vəziyyət getdikcə gərginləşir”.
Politoloq hesab edir ki, Moldovada siyasi proseslər bu şəkildə davam etsə, ölkə təzyiqlərlə üzləşməli olacaq: “Bu təzyiqlər daha çox Qərbdən olacaq. Əvvəla, Moldova daha çox Qərbdən maliyyə alır. Kasıb ölkədir və Qərbdə deyirlər ki, normal hökumət formalaşmayana qədər maliyyə ayrılmayacaq. Amma Moldovada Rusiyanın öz maraqları var. Narahatedici odur ki, Rusiya Moldovanı qarışdırmaq üçün əlindəki alətləri işə sala bilər. Sadəcə, Qərbdən olan təzyiqlər bir qədər normaldır. Qərb normal hökumətin qurulmasını istəyir. Rusiyadan olan təzyiqlərin mahiyyəti isə bəllidir. Aranı qarışdırmaq, hansısa qüvvəyə arxadan dəstək vermək, özünə sərf etməyən siyasətçini hakimiyyətdən uzaqlaşdırmaq. Yəni Qərbin və Rusiyanın Moldovaya təzyiqləri fərqli məqsədlərlə ola bilər”.