Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi həqiqətən də müstəqil Azərbaycanın tarixində çox böyük və özündən sonra dövr yaratmış hadisədir. Hələlik müstəqil Azərbaycanın tarixində öz miqyasına, təsir gücünə görə bundan üstün olan ikinci hadisənin adını çəkmək mümkün deyil.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, o dövrdə ölkədə vəziyyət həqiqətən də çox ağır idi:
“1992-93-cü illərin hadisələrinin üstündən illər keçdikcə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin çox önəmli hadisə olmasını gücləndirən yeni-yeni mülahizələr, yeni-yeni arqumentlər ortaya çıxır. Yəni, illər keçdikcə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının nə qədər böyük və məzmunlu tarixi hadisə olması tam çılpaqlığı ilə üzə çıxır və yeni-yeni məqamlar açılır. Deməliyəm ki, əgər doğrudan da Heydər Əliyev hakimiyyətə gəlməsəydi, o zaman ölkə daxilində baş qaldırmış xaosu, sosial narazılıqların üstündə ölkədə anarxiyanın daha da güclənməsini, talış-muğan separatizminin, erməni işğalının davam etməsinin qarşısını almaq heç cür mümkün olmazdı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın neft strategiyasını indiki kimi qurmaq və ölkənin mövqeyini dünya miqyasında möhkəmləndirən bir səviyyəyə gətirib çıxarmaq qeyri-mümkün olardı.
Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın regionda, xüsusilə də bizim regionumuzda bəlli dövlətlərlə tarazlı münasibətlərini indiki kimi qurmaq mümkün olmazdı. Açığını deyim ki, hətta, regionda Azərbaycan Ermənistandan başqa bir neçə dövlətlə də müharibə vəziyyətinə gəlib çıxa bilərdi. Bu, o zaman reallıq idi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dünya arenasında Azərbaycanın nüfuzunu, mövqeyini indiki kimi möhkəmləndirmək və stabil, dayanıqlı bir duruma malik ölkə səviyyəsinə gətirib çıxarmaq olmazdı”.
A.Quliyev qeyd edib ki, bütün bunların kökündə ölkədə o zamankı anarxiyanın qarşısını almaq, ölkənin iqtisadi potensialını səfərbər etmək, neft strategiyasını qurmaq, ölkə neftini dünya bazarına çıxarmaq, həmçinin, neftdən gələn gəlirləri ölkə daxilində iqtisadiyyatın, milli ordunun qurulmasına və insan kapitalının inkişafına yönəltmək dayanırdı:
“Heydər Əliyev siyasi hakimiyyətə gəlməklə müstəqil Azərbaycanın tarixində həqiqətən böyük bir epoxanın başlanğıcını qoydu”.