15 iyun 1993-cü ilin Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyəti var. Həmin gün Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi. Müəyyən bir müddət sonra prezident səlahiyyətlərini icra etməyə başladı. Həmin ilin payızında isə Azərbaycanın növbəti prezidenti seçildi. Bu, sadəcə bir tarix deyil. Məsələ ondadır ki, 1993-cü ilin iyununda Azərbaycan idarəolunmaz bir vəziyyətə gəlib çatmışdı. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmədiyini artıq açıq şəkildə bildirirdi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, ölkənin idarəetmə orqanları işləmirdi:
“Vahid ordu, vahid komandanlıq yox idi. Cəbhənin hər bölgəsinə bir şəxsin, yaxud hansısa siyasi təşkilatın nəzarətində olan qeyri-qanuni hərbi dəstə tərəfindən nəzarət edilirdi. İnflyasiya yüksək sürətlə davam edirdi, qiymətlər qalxırdı. Dövriyyəyə buraxılmış Azərbaycan manatı dəyərdən düşürdü. Ölkədə çox gərgin durum, sosial partlayış vəziyyəti yaranmışdı.
Hakimiyyətin nüfuzu sıfıra yaxınlaşırdı. Əhali əsas ərzaq məhsullarını almaqda çətinlik çəkirdi. Adi çörəyi almaq üçün gecədən növbəyə durmaq lazım gəlirdi. Ölkədə kriminogen durum pisləşmişdi. Ölkə beynəlxalq aləmdə nüfuzdan düşürdü. Hətta, ən yaxın dost ölkələrlə Azərbaycanın problemləri yaranmağa başlamışdı. Səriştəsiz, heç idarəetmə təcrübəsi olmayan insanların hakimiyyətdə təmsil olunması Azərbaycanın gələcəyini böyük bir şübhə altına qoymuşdu. Yəni, belə bir vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, vaxtilə ölkənin rəhbəri olmuş Heydər Əliyevə dikilmişdi. Cəmiyyətdə birmənalı şəkildə Heydər Əliyevin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın problemlərinin həll ediləcəyi inamı möhkəmlənmişdi”.
Müsahibimiz bildirib ki, xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın taleyində çox ciddi dəyişikliklər yaratdı:
“İlk növbədə dövlət hakimiyyəti və dövlət intizamı möhkəmləndirildi. Sabitlik yarandı, hüquq-mühafizə orqanlarına nəzarət gücləndirildi. Bu isə Azərbaycanda kriminalın əl-qolunun yığışdırılmasına imkan verdi. Böyük islahatlara yol açıldı, yeni konstitusiya üzərində iş başladı. Hüquqi islahatlara hazırlıq getdi. Azərbaycan neftinin ixracı ilə bağlı danışıqlar başladı və bu 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanmasına gətirib çıxırdı. Bir sözlə 1993-cü ilin iyunun 15-i Azərbaycanın tarixində nicat, inkişaf və tərəqqinin başladığı gün kimi tariximizə düşdü”.