ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Osakada keçirilən görüş bu iki dövlət arasında ziddiyyətlərə baxmayaraq dialoqun olduğunu nümayiş etdirir. Belə bir görüşün keçirilməsi öz-özlüyündə mühüm hadisədir.
Bu fikirləri Teleqraf.com-a Real Partiyasının sədr müavini Natiq Cəfərli Rusiya və ABŞ prezidentlərinin Yaponiyada bu gün baş tutan görüşünü şərh edərkən deyib.
Natiq Cəfərlinin sözlərinə görə, ABŞ və Rusiya arasında ən yüksək səviyyədə siyasi dialoq davam edir: “Sözsüz ki, bu iki dövlət arasında qarşılıqlı problemli məsələlər var. İstər beynəlxalq münasibətlər baxımından, istərsə də ikitərəfli münasibətlərdə kifayət qədər problemlər müşahidə olunur. Görüşün baş tutması ona işarədir ki, tərəflər müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparır, bir-birinin mövqeyi ilə tanış olur”.
Natiq Cəfərli hesab edir ki, daha vacib sual Putin-Tramp görüşünün konkret hansı nəticə verəcəyi ilə bağlıdır: “Əsas məsələ budur. Rusiya tərəfinin tələb və gözləntiləri onunla bağlıdır ki, Moskvaya qarşı tətbiq edilən sanksiyalar yumşalsın, müxtəlif beynəlxalq məsələlərlə bağlı ortaq məxrəcə gəlinsin, mövqelər yaxınlaşdırılsın. Bunun baş verib-verməyəcəyi ciddi suallar doğurur.
Çünki iki dövlət arasında ziddiyyətli məqamlar həddən artıq çoxdur. Suriya, İran, Liviya və Venesuelada hər iki ölkənin maraqları toqquşur. Ortada Ukrayna problemi var. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar var. Məncə, görüşdə bütün bu məsələlər müzakirə edilib”.
Natiq Cəfərli hesab edir ki, Putin-Tramp görüşündə əsas məsələ İrandır. Rusiyanın İrana qarşı addımların əleyhinə olduğunu xatırladan Cəfərli bildirib ki, Moskvanın Tehranla çox ciddi əlaqələri var:
“ABŞ çalışır ki, İran məsələsində Rusiya bitərəf qalsın. Əgər Rusiya buna əməl etsə, cavabında Vaşinqtondan hansısa siyasi və ya iqtisadi jestlər olar. Yəni İranı qurban verməklə özünə qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmaq niyyəti ola bilər.
Əgər gələcəkdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda yumşalma baş versə, deməli, bu ölkələr ümumi məxrəcə gəlmək üçün dialoqu davam etdirəcəklər. Yox, yaxınlaşma və müsbət jestlər olmasa, deməli, Putin-Tramp görüşündə heç bir anlaşma əldə edilməyib. Bu halda beynəlxalq siyasətdə gərginliyin davam edəcək”.