1 İyul 2019 11:38
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hər nə qədər proteksionizmi müdafiə etsə və azad ticarət sazişlərinə qarşı çıxsa da, hələ ki dünyanın aparıcı ölkələri bu yanaşmanı bölüşmürlər”.

Teleqraf.com xəbər verir ki, G20-nin Yaponiyada keçirilən sammiti barədə fikirlərini bölüşən politoloq Zaur İbrahimli belə deyib.

Ekspertin fikrincə, Vaşinqton ona qarşı yönələn konsensusla üz-üzə qalıb:

“Qloballaşma kompomissləri qaçılmaz edib və hazırda Vaşinqtonun bu status-kvonu dəyişmək gücü yoxdur. Digər yandan, İran ətrafında yaranan vəziyyətlə bağlı ABŞ əhəmiyyətli dönüşə nail ola bilmir. Vaşinqtonun hərbi təzyiq yanaşması müdafiə olunmur. Vaşinqton əvvəlki kimi Ağ evdən səslənən direktivlərlə hamını farağat vəziyyətinə gətirə bilmir”.

Zaur İbrahimli qeyd edib ki, Çin ABŞ-la konfrantasiyanın davam etməsində maraqlı deyil və Prezident Donald Trampı bu məsələdə təbrik etmək olar:

“Vaşinqtonun Çini güzəştlərə sövq etmək siyasəti özünü doğruldur. Şübhəsiz ki, Pekinin tam “ağ bayraq qaldırması”ndan söhbət getmir. Amma Vaşinqtonun qətiyyətli mövqeyi bəhrəsini verir. Perspektivdə ABŞ zamanla Çinin ambisiyalarını müəyyən çərçivədə saxlamaq üçün alyanslar yaratmağa çalışacaq. Pekini masa arxasında əyləşməyə məcbur etmək ilkin uğurlu addım sayıla bilər.

Kreml-Ağ ev əlaqələrinə gəlincə, Rusiya-ABŞ münasibətlərində yaxın perspektivdə normallaşmağa doğru dönüş olacağı ehtimal edilmir. Bununla belə, Ağ Ev və Kreml hərbi toqquşmalardan və digər gözlənilməz hadisələrdən qaçmaq üçün təmasları saxlamağa məcburdur.

Tramp adminstrasiyası Türkiyə ilə də münasibətlərin yeni formatını tapmağa çalışır. Ankaraya münasibətdə “kökə və qamçı” siyasəti davam edəcək. Yaxın perspketivdə Türkiyə ilə münasibətlərin xarakteri çətin ki, dəyişsin. Tədricən təzyiqi artırmağa və Ərdoğanıın mövqeyini zəiflətməyə çalışacaqlar.

G20 sammiti göstərdi ki, dünyanı bundan artıq silkələnməsinin yarada biləcəyi təhlükələri anlamağa başlayıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər