“Huawei”in ABŞ Ticarət Nazirliyinin qara siyahısına salınması kompaniyanın bütün dünya üzrə fəaliyyətinə mənfi təsir göstərə, həmçinin birbaşa Amerika şirkətlərinin ziyana düşməsinə gətirib çıxara bilər. Buna görə də “Huawei” ABŞ-dan onu müvafiq məhdudlaşdırıcı siyahıdan tamamilə çıxarmağı xahiş edir.
Teleqraf.com xəbər verir ki, bunu iyulun 12-də keçirdiyi mətbuat konfransında “Huawei” şirkətinin direktorlar şurasının sədri Lyan Xua bildirib.
“ABŞ hakimiyyəti bizim kompaniyanı qara siyahıya salıb, biz təbii olaraq buna qarşı çıxırıq. Çünki bunun üçün faktiki olaraq heç bir əsas yoxdur. Bu, həmçinin “Huawei”lə əməkdaşlıq edən Amerika müəssisələrinə də zərər verəcək”, – deyə Lyan Xua qeyd edib.
Bununla yanaşı, Lyan Xua ABŞ-ın qərarını “ifrat uyğunsuz qərar” adlandırıb. Belə ki bu, 170-dən çox ölkədə “Huawei”in müştərilərinə xidmət göstərilməsinə təsir edə bilər.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi mayın ortalarında “Huawei”i qara siyahıya salıb. Bu addım şirkətin Amerika istehsalçılarından komponentləri və texnologiyaları satın almasına çıxışını bağlayır. “Huawei”, həmçinin müvafiq lisenziya olmadan Amerikada biznes aparması qadağan olunan siyahıya daxildir. ABŞ administrasiyası “Huawei”i Çin Xalq Respublikasının hərbi və kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham edir. Habelə ehtimal edir ki, “Huawei” müştərilərinə münasibətdə casusluq edir. Həmçinin, ABŞ bir sıra ölkələri xəbərdar edib ki, “Huawei” 5G mobil standartına keçid edərkən onun infrastrukturundan və avadanlıqlarından istifadə etməsinlər.
Artıq ABŞ-ın “Google” şirkəti “Huawei”lə bir sıra sferalarda əməkdaşlığı dayandırıb.
“Huawei” kompaniyası ABŞ-ın məhdudlaşdırıcı addımları səbəbindən milyardlarla dollar itki gözləyir. Çin hakimiyyəti də ABŞ-ı “Huawei”yə münasibətdə məhdudiyyətləri aradan qaldırmağa çağırıb.