12 İyul 2019 18:10
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in hələ 1996-cı ildə Lissabonda keçirilən sammitində yekun bəyanatda postsovet məkanındakı münaqişələrlə bağlı müddəada Moldovanın və Gürcüstanın ərazi bütövlüyü öz əksini tapdı. Amma Azərbaycanın adı öz əksini tapmadı. Yalnız nümayəndə heyətinin başçısı, mərhum prezident Heydər Əliyevin ciddi səyləri nəticəsində ATƏT-in fəaliyyətdə olan sədri, Macarıstanın xarici işlər naziri bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünün də təşkilat tərəfindən tanındığı bildirdi. Yekun sənədə düşmədiyi üçün bəyanat tam gerçəklikləri əks etdirmirdi. Uzun müddət idi ki, ATƏT ərazi bütövlüyü ilə öz müqəddəratının sintez edilməsi ilə bağlı xoşagəlməz rəylərlə çıxış edirdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, hətta ATƏT bu zaman utanıb çəkinmədən Dağlıq Qarabağ probleminin əlahiddə, özünəməxsus problem olduğunu, buna görə də ona ayrıca yanaşmanın labüdlüyünü söyləməkdən belə çəkinmirdi:

“Amma son dövrlərdə Azərbaycan diplomatiyası ATƏT-lə çox işlədi. Başda ölkə prezidenti olmaqla dövlət rəsmiləri, xüsusilə ATƏT-dəki deputat qrupumuz əslində postsovet məkanındakı münaqişələr içərisində beynəlxalq hüquq normalarına ən uyğun həll edilməsi vacib olan münaqişənin Dağlıq Qarabağ münaqişəsi olduğunu başa sala bildilər. Onu da deyim ki, beynəlxalq konyunkturada da ciddi dönüş əmələ gəlmişdi. Artıq 2013-cü ildə Avropa Şurası Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılmasının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolu ilə həll edilə biləcəyi tezisini öz qərarında bildirdi. Bu, çox böyük qələbə idi və Avropa və dünya şüurunda Dağlıq Qarabağ məsələsinə yanaşmada dönüşün yaranmasına səbəb oldu. Həmin ildən başlayaraq, NATO-nun ildə iki dəfə toplanan parlament assambleyası Dağlıq Qarabağa dair xüsusi bəyanat qəbul edib və məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini irəli sürürdü”.

Q.Hüseynli qeyd edib ki, bundan əlavə Avropa İttifaqı da 2014-cü ildən bu prosesə qoşulub:

“Nəhayət, 2015-ci ildə Avropa İttifaqı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə xüsusi bəyanatla çıxış etdi. Bu çox böyük irəliləyiş idi. Bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatı da hər iclasında məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə xüsusi qərarlar qəbul edirdi. Beləliklə, dünyanın əsas beynəlxalq təşkilatları və aparıcı dövlətləri postsovet məkanındakı bütün münaqişələrin eyni formula, eyni yanaşma ilə həll edilməsi barədə ortaq məxrəcə gələ bilmişdilər. ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən sessiyasının yekun bəyannaməsinin müvafiq bəndlərinə Dağlıq Qarabağ haqqında Azərbaycanın maraqlarına uyğun olan təkliflərin salınması o deməkdir ki, dünya ictimai rəyi artıq məsələlərin beynəlxalq hüquq normalarına uyğun surətdə həllini tələb edir. Bu, Azərbaycanın çox böyük uğurudur”.

Qeyd edək ki, ATƏT PA-nın Lüksemburqda keçirilən sessiyasında ilk dəfə olaraq Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandakı münaqişə ilə bağlı vahid mövqe ifadə edilib. Buna qədər Ukrayna, Gürcüstan və Moldovadakı separatizmlə bağlı vahid mövqe ifadə edilsə də, Azərbaycana fərqli münasibət göstərilib. Son qətnamədə isə MDB məkanında olan münaqişələrə vahid mövqe ifadə edilməsi Azərbaycanın uğuru hesab oluna bilər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər