18 İyul 2019 09:09
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar əslində Ankaranın Rusiyadan S-400 kompleksi ilə bağlıdır. Yəni Türkiyəyə qarşı açıq formada qərəzlilik olunur. Guya bu sanksiyaların Türkiyənin Aralıq dənizinin şərq sahillərində qaz və neft axtarışına görə tətbiq edilməsi isə sadəcə, bəhanədir.

Bu fikirləri Teleqraf.com-a politoloq, hüquq elmləri professoru Rüstəm Məmmədov deyib.

Politoloq bildirib ki, indi Türkiyənin əsas hədəf kimi seçilməsi silah ticarəti ilə əlaqəlidir: “Avropa Birliyi Amerikanın çaldığı hava ilə oynayır. Şərqi Aralıq dənizində Türkiyənin qaz axtarışlarından isə bəhanə kimi istifadə olunur. Çoxları hesab edir ki, bu sanksiyaların Türkiyə üçün ağır nəticələri ola bilər. Şəxsən mən bu cür düşünmürəm. Sanksiyaların Türkiyəyə heç bir təsiri olmayacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə ona ziyan gətirəcək qərarlar qəbul etməz. Ankara bilir ki, hara doğru gedir və buna necə reaksiyalar ola bilər. Türkiyənin Amerika və Avropa Birliyi ölkələri ilə 100 milyardlıq ticarət əlaqələri, dövriyyəsi var. Hesab edirəm ki, bu dövriyyə olduğu kimi qalacaq. Çünki bu ticarətdən hər iki tərəf mənfəət götürür. Məsələlər bir başlı deyil, iki tərəflidir”.

Rüstəm Məmmədov əlavə edib ki, S-400 komplekslərinə görə Türkiyə ilə bağlı müşahidə edilən proseslərin sonu yoxdur: “Bu saat dünya öz dərdini çəkmək üçün yollar axtarır. Çıxış yolu da Türkiyə və ya digər ölkələrə təzyiqdə görülür. Əslində isə bu boş söhbətdir. Türkiyə Rusiya ilə əməkdaşlığını gücləndirib və bu fakt Avropanı qıcıqlandırır. Amma bu artıq Avropanın problemidir”.

Professor əlavə edib ki, indi Türkiyənin NATO-dan çıxarılması kimi söhbətlər də eşidilir: “Mən güman etmirəm ki, buna görə Türkiyəni NATO-dan çıxarsınlar. Əgər çıxarırlarsa, çıxarsınlar. Bunun mənası nədir? Bu prosesin də Türkiyəyə təsiri olmayacaq. Türkiyə hər hansı bir addım atanda onun nəticələrini də hesablayır. İndi Türkiyə atdığı addımlarla faktiki Qərbi yerində oturtmağa çalışır. Çünki Türkiyəni çox qıcıqlandırırlar. Bunu görən Türkiyə də öz oyununu oynamalıdır və bunda haqlıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər