27 İyul 2019 09:21
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq: “Ermənilərin bu addımı hərbi məqsədlər üçün nəzərdə tutulur”

Ermənilər Qafandan işğal edilən Azərbaycan ərazisi Xocavənd rayonuna yol çəkir. Bununla bağlı informasiya verilib, amma informasiyalarda qeyd edilir ki, bu yolu çəkmək üçün onların nə imkanları, nə də maliyyəsi var. İndilikdə söhbət ancaq torpaq yolun çəkilməsindən gedə bilər.

Bu fikirləri Teleqraf.com-a Ermənistandan Qarabağa çəkilməsi planlaşdırılan sayca üçüncü Qafan-Xocavənd yolu haqqında danışan politoloq Rasim Musabəyov deyib.

Sabiq dövlət müşaviri bildirib ki, İrəvanın bu istəklərinə münasibəti birmənalıdır: “Sözsüz ki, mənim buna münasibətim çox pisdir. Ancaq belə ideyaları həyata keçirməyə çalışmaları həm də onu göstərir ki, işğal edilən ərazilərimizi özlərində saxlamaq niyyətindədirlər. Amma hesab edirəm ki, bu yolun iqtisadi cəhətdən heç bir əhəmiyyəti yoxdur. Ermənilərin nəinki yeni torpaqlarda məskunlaşma işi aparmaq imkanı yoxdur, eyni zamanda hazırda Dağlıq Qarabağda 80-85 min əhali qalıb. Yəni heç 100 min erməni yoxdur. Halbuki SSRİ zamanı orada 145 min erməni yaşayırdı. İndisə heç real 100 min erməni yoxdur. Onların özlərinin statistikasına görə, 6 aya orada 950 doğum olub və bunun 825-i Xankəndinin payına düşür. Bu o deməkdir ki, doğumların 80-90 faizi Xankəndində baş verib. Rəsmi statistikaya görə, Xankəndində 50-60 min əhali var. Başqa sözlə, Xankəndini çıxmaqla dıgər işğal edilən Azərbaycan ərazilərində 30 min erməni yoxdur. Belə olan halda İrəvanda ehtiyat edirlər ki, müharibə başlasa və Azərbaycan Ermənistanla Qarabağı birləşdirən Gorus-Laçın-Şuşa yolunu darmadağın etsə, alternativ yol olmalıdır. Yəni belə olduğu təqdirdə ermənilərin Qarabağa güc və texnika gətirməsi üçün əlavə kommunikasiyaya ehtiyac yaranacaq. Odur ki, belə yol haqqında düşünülür. Yəni bu daha çox hərbi məqsədlər üçün nəzərdə tutulur”.

Deputat bildirib ki, müharibə başlayanda bu yolların hər birinə müvafiq zərbələr endirilə bilər: “Sadəcə olaraq ermənilərin özü də bu yolun çəkilişinə şübhə ilə yanaşır. Bu yol heç bir halda Azərbaycanın işğal edilən ərazilərində məskunlaşmanı stimullaşdıra bilməz. Bir daha qeyd edirəm ki, bu yolun çəkilişi daha çox hərbi məqsədlər üçündür”.


Müəllif: Cavad

Oxşar xəbərlər