10 Avqust 2019 09:12
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda hazırda vəziyyət nisbətən sabitləşib. Sabiq prezident Almazbek Atambayev indiki iqtidara müxalif yönümlü insanları toplayıb hərəkətə keçmək istəyirdi, payıza kütləvi aksiya və nümayişlər planlaşdırılırdı. Hakimiyyət Atambayevin müqavimət addımlarından xəbər tutub qabaqlayıcı tədbirlər görməyə başladı, Atambayevin həbsinə start verdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun fikrincə, son iğtişaşlar göstərirdi ki, Atambayev fikrindən dönmək niyyətində deyil: “Həm də indiki iqtidar başa düşürdü ki, yeni inqilab ölkədəki daxili siyasi və iqtisadi vəziyyəti gərginləşdirəcək. Ona görə də tədbirlər görməyə başladılar. Görünür hakimiyyətin dayaqları daha möhkəm idi”.

Atambayevin bir müddət öncə Moskvaya səfərinə toxunan ekspert qeyd edib ki, Rusiya siyasi rəhbərliyindən yardım istəsə də, hadisələr onun dəstək ala bilmədiyindən xəbər verir: “Hazırda Qırğızıstanda olan Rusiyanın Baş naziri Dmitri Medvedyev dolayısı ilə Atambayevin hərəkətlərini pisləyib. Bu da onu göstərir ki, Rusiyanın siyasi dairələri Atambayevin tərəfini saxlamayıblar, nəticədə həbsə düşüb. Yaxın gələcəkdə vəziyyət nisbətən sabitləşəcək, amma Atambayevin tərəfdaşları müəyyən müqavimətə cəhd göstərəcəklər. Bu aktların nədən ibarət olacağını zaman aşkarlayacaq”.

Qırğızıstanın keçmiş baş naziri Omurbek Babanovun bu gün paytaxt Bişkekə qayıtmasına diqqət çəkən İlqar Vəlizadə vaxtilə Babanovla Atambayev arasında kəskin fikir ayrılığı olduğunu xatırladıb: “Atambayevin tərəfdarlarının zəifləməsi Babanovun geriyə dönməsinə imkan verirdi, çox güman ki, indiki hakimiyyət də buna şərait yaradıb. Çünki hakimiyyət belə təsəvvür yaratmağa çalışır ki, təkcə Atambayevlə hakimiyyət deyil, eyni zamanda müxtəlif qruplar arasında münaqişələr var.

Babanovun qayıdışı hakimiyyətə əl verir. Hakimiyyət çalışacaq ki, həm iqtidar, həm də qeyri-iqtidar siyasətçilərinin Atambayev və onun tərəfdarlarına qarşı daha mütəşəkkil surətdə platformasını təşkil etsin. Onlar Atambayevin siyasi oyunçular tərəfindən təkləndiyi və onun tələblərinin heç kəs tərəfindən qəbul olunmadığı görüntüsünü yaratmağa çalışırlar”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər