Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistandır” açıqlamasından sonra Azərbaycan cəmiyyətində ən çox səslənən sual budur: “Müharibəyə başlamalıyıqmı?”
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, N.Paşinyan “Qarabağ Ermənistandır” deməklə əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi:
“Çünki illərdir beynəlxalq aləmə başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı. Paşinyan son açıqlaması ilə dediklərimizi təsdiq etdi. Digər tərəfdən Paşinyan açıqlaması ilə Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi. İndi əsas məsələ yaranan imkandan faydalanmaqdır. Onu da nəzərə almalıyıq ki, Paşinyanın populist açıqlamaları Ermənistanda və Dağlıq Qarabağda da sükutla qarşılanıb. Çünki onlar da anlayırlar ki, Nikol Paşinyanın düşünülməmiş açıqlamaları həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara baha başa gələ bilər.
Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tələb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millət vəkillərindən də haqlı olaraq eyni səslər eşidilir”.
E.Şahinoğlu qeyd edib ki, işğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir:
“Ancaq bu qərar böyük məsuliyyət tələb edir, hərtərəfli ölçülüb biçilməlidir. Azərbaycanın Ermənistan üzərində qələbəsini və torpaqlarını azad etməsini istəməyən Rusiya amili var. Bu, çox ciddi maneədir. Məhz bu amil 1990-cı illərin əvvəllərində ordumuzun Xankəndiyə daxil olmasını əngəllədi. Surət Hüseynov da bu amilin doğurduğu nəticə idi. Məhz bu amil 2016-cı ilin aprelində hücum əməliyyatımızın genişlənməsinə və daha çox ərazimizin azad olunmasına əngəl oldu. Bütün bunları görə-görə gəlmişik. Rusiyanın Azərbaycan daxilindəki “beşinci kolon”unu da unutmamaq lazımdır. Həmin kolonun nümayəndələri üçün müqəddəs heç nə yoxdur, onlar şimaldakı ağalarının əmrini yerinə yetirmək üçün vətənlərini də satmağa hazırdılar, necə ki, onların babaları 1920-ci ildə cümhuriyyətimizi bolşevik ordusuna satmışdılar. Üstündən 100 il keçsə də vətənini düşmənizin müttəfiqinə satmaq istəyənlər yox olmayıb. Bu amil də müharibəyə başlamaq məqsədilə düyməyə basmağa mane olur. Çünki içəridən istənilən təxribata əl ata bilərlər. Müharibəyə başlamaq üçün arxa cəbhəmizdən tam əmin olmalıyıq. Əmin olmalıyıq ki, hücum planımız Moskvanın və oradan da İrəvanın masası üzərində peyda olmayacaq. Buna əmin olandan sonra müharibəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik, üstəlik snayperlərimiz də düşmənin itkilərini artırmalıdır”.