20 Avqust 2019 13:33
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəziləri 3 şəhərin bələdiyyə başçısının işlərindən uzaqlaşdırılmasını sərt tənqid edir və bunu demokratiyaya müdaxilə adlandırırlar. Türkiyədə demokratiya ilə bağlı suallar bəlkə də başqa sahələrdə yarana bilər, ancaq terror və terrorçularla mübarizə “demokratiya sıxışdırılır” məntiqinə uyğun deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə 1980-ci illərdən bu yana terror bəlasından qurtulmaq istəyir: “Dünyanın ən demokratik ölkəsində də terrorçulara maliyyə və texnik dəstək verən qurumun və ya rəsminin fəaliyyətini davam etdirməyə imkan verməzdilər. Demokratik yolla seçilmiş bələdiyyə başçısı hələ ona toxunulmazlıq hüququ vermir.

Bəzi dostlarım sual edir ki, terrorçulara dəstək şübhəsi var idisə niyə bələdiyyə seçkilərindən əvvəl onların namizədlikləri qeydiyyata alınırdı və sonra Mardin, Van və Diyarbəkir bələdiyyə başçılarına möhürlər verildi? Bu sualın cavabı da sadədir. Çünki möhür almamışdan əvvəl onlar hələ bələdiyyə başçıları deyildilər və hələ bələdiyyə başçısı səviyyəsində terrorçulara dəstəyə göz yumamışdılar.

Neqativ hallar onların bələdiyyə başçısı dönəmində qeydə alındı. Ona görə də vəzifələrindən uzaqlaşdırıldılar. Türkiyədə hakimiyyətdə Ərdoğan yox bir başqası olsaydı və ona da bələdiyyə başçılarının terrorçu PKK ilə əlaqələr barədə məxfi məlumatlar çatdırılsaydı o da daxili işlər nazirinə “bələdiyyələrlə bağlı tədbir görün” əmrini verəcəkdi”.

Elxan Şahinoğlu buna şübhəsinin olmadığını qeyd edib: “Əks halda gərək PKK-nın şəhərlərdə gücünün artmasına göz yumasan. Buna isə Türkiyədə özünə hörmət edən heç bir siyasətçi razılaşmaz”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər